Multikulturalizm Mərkəzinin xarici ölkələrdəki filiallarında Xocalı soyqırımına həsr edilən tədbirlər keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkələrdə fəaliyyət göstərən filiallarında və “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu universitetlərdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BBMM-in mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açılıb. Xocalı faciəsi Azərbaycan xalqının yarası olmaqla yanaşı, bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirilib. Keçirilən toplantılarda bu soyqırımını törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib.
Mərkəzin Drezden filialında bu çərçivədə iki tədbir keçirilib. Tədbirlərdə qeyd olunub ki, Xocalı Azərbaycan xalqının qəlbində sağalmaz yaradır. Hər iki görüşdə səslənən məruzələrdə Xocalı həqiqətləri qonaqlara Dağlıq Qarabağdakı münaqişə fonunda bir kulminasiya nöqtəsi kimi çatdırılıb. Qeyd etmək lazımdır ki, alman əhalisi Dağlıq Qarabağ münaqişəsini unutmayıb, lakin Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin nəticələri haqda çox az məlumatlıdır. Ona görə də müharibə nəticəsində həyata keçirilən etnik təmizləmə və ərazi dəyişiklikləri, eləcə də bu günə qədər Azərbaycan xalqının yaşadığı acılar və aldığı zərbələr barədə dolğun məlumat vermək vacibdir. Xüsusilə, hər il fevral ayında Drezdendə 1945-ci ildə yaşananlar xatırlanarkən, Xocalı soyqırımını anmaq və onunla paralellər aparmaq, hadisələri daha aydın və təsirli şəkildə çatdırmağa imkan verir. Nəticə isə eynidir. Müharibə heç bir problemin həlli deyil. Müharibə həmişə günahsız insanların böyük əzabı deməkdir.
Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da xalqımızın dərdinə şərik olur. Dünyanın bir sıra ölkələrinin qanunverici orqanlarında Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlərin qəbul edilməsi istiqamətində həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var.
Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Rusiya, İtaliya, Almaniya, Portuqaliya, Moldova, İsrail, Bolqarıstan və ABŞ-da filialları fəaliyyət göstərir.