Vətən müharibəsi Azərbaycan xalqının taleyüklü məsələlərdə sıx birləşməyi bacardığını bir daha göstərdi
Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək dəmir yumruq kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə döyüşərək işğala son qoyublar.
Bu barədə noyabrın 4-də Bakı Beynəlxalq Multikuturalizm Mərkəzi (BBMK) və Quba Rayon İcra Hakimiyyətinin 8 Noyabr - Zəfər Günü münasibətilə birgə təşkil etdiyi “Biz birlikdə güclüyük” mövzusunda konfransda bildirilib.
Tədbirdən əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar.
Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda BBMK-nın, Quba RİH-nin rəsmiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin yerli qurumlarının nümayəndələri, dini icmaların üzvləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan filmin nümayişi ilə başlayıb.
Sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Anar Məmmədov bildirib ki, Zəfər Günü xalqımız üçün olduqca əlamətdar bir tarixdir. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin ildönümünü qeyd edirik.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası üçün düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət yürüdərək ölkəmizi qüdrətli dövlətə çevirdi. Mərd oğullarımız canı-qanı bahasına 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən işğalından azad etdi. Bu tarixi Qələbənin əldə edilməsində ölkəmizdə yaşayan bütün xalqlar möhkəm birlik nümayiş etdirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dünyaya Azərbaycan xalqının taleyüklü məsələlərdə sıx birləşməyi bacardığını bir daha göstərdi. Müharibə dövründə siyasi əqidəsindən, dini baxışlarından, etnik mənsubiyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir məqsəd ətrafında birləşdi və Ali Baş Komandanın tapşırığı ilə silaha sarılaraq dəmir yumruğa çevrildi. Ermənilərin torpaqlarımızı işğal altında saxlamaqla kifayətlənmədiyini qeyd edən Rəşad İlyasov, düşmənin tarixi-dini abidələrimizə qarşı soyqırımı həyata keçirdiyini, yalnız İslam abidələrini deyil, qədim alban irsinə aid məbədləri də dağıtdığını, saxtalaşdırmağa, özününküləşdirməyə çalışdığını vurğulayıb.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Hacı Cəfər” məscidinin imamı Anar Eyyubov, Quba Rayon Ağsaqqallar Şurasının üzvü Əlibala Müzəffərov, şəhid anası Qalina Şirinbəyovaya, Axıska Türklərinin “Vətən” İctimai Birliyinin Şimal bölgəsi üzrə təşkilatının sədri Səlimjan Rizmanov çıxış edərək şanlı Qələbəmizdən söz açıblar.
Bildirilib ki, müdrik xalqımız həmişə dövlətçiliyimizi, milli birliyimizi, milli ruhumuzu, vətənpərvərlik hisslərimizi qoruyub saxlamağı bacarıb.