Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Yanvarın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilən konfrans keçirilib. Tədbirdə ölkəmizdəki dini və milli icmaların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov 20 Yanvar faciəsinin o vaxta qədər görünməmiş bir faciə olduğunu bildirib. O, bu hadisənin Azərbaycan tarixinin qanlı, eyni zamanda, ən şanlı səhifələrindən biri olduğunu qeyd edib.
“20 Yanvar hadisələri Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. Vətənin suverenliyi və bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə birlik nümayiş etdirib. Şəhidlərimizin olmasına, mülki əhalinin qətlə yetirilməsinə baxmayaraq, xalqımız yaşanan bu hadisələr qarşısında möhkəm dayandı və biz Zəfər əldə etdik”, - deyə Rəvan Həsənov diqqətə çatdırıb.
Digər çıxış edənlər – AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Nigar Gözəlova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumunun rəhbərinin müavini Jozef Marek, Avropa Yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal, Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili, BBMM-in Analitika şöbəsinin əməkdaşı Fəxri Uğurlu, Bakı Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Samur-Ləzgi icmasının rəhbəri İmran Rzayev 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, 20 Yanvar tariximizdə həmişə yadda qalacaq. Qanlı Yanvar hadisəsi Azərbaycanın qəhrəmanlıq səhifəsidir.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə 20 Yanvar şəhidlərinin də ruhu şad oldu. Qarabağın fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın dünyada necə müdrik bir xalq olduğu göstərdi. Azərbaycan qazandığı qələbələr ilə öz sözünü bütün dünyada söylədi.