Multikulturalizm Mərkəzində Novruz şənliyi
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib.
Bayram tədbirində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən 20-dən yuxarı milli və dini icmaların üzvləri və rəhbərləri, Milli Elmlər Akademiyasının, Bakı Slavyan Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri iştirak edib.
Tədbirdə Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqları salamladıqdan sonra Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Provoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev, Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker və Mədəniyyətlərarası Təhsil üzrə Avropa şəbəkəsinin vitse-prezidenti, professor Svetlana Kurteş çıxış ediblər. Qonaqlar multikulturalizmin Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı hər bir kəsin həyat tərzi olduğundan danışıb, müxtəlif dinlərə, irqlərə və xalqlara mənsub olmalarına baxmayaraq Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyduqlarını və dövlətə xidmət etdiklərini bildiriblər.
Novruz şənliyinin bədii hissəsində Bolqar icmasının nümayəndələri Səməd Vurğunun Azərbaycan şeirini bolqar və Azərbaycan dillərində səsləndirib və müxtəlif mahnılar oxuyublar. Tatar icmasının nümayyəndələri isə Novruz bayramına aid tatarca mahnılar ifa ediblər.
Запись Multikulturalizm Mərkəzində Novruz şənliyi впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.