Rəvan Həsənov: Holokost bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Hər il olduğu kimi, bu il də Azərbaycanda Holokost qurbanlarının anım günü keçirilir. Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ünvanlarından biridir. Ölkəmizdə yəhudi irsi tarixən olub, xalqlarımız hər zaman bir yerdə yaşayıb, xoş gündə də, pis gündə də həmişə bir-birinə dayaq olub. Bu, Birinci və İkinci Qarabağ müharibələrində də sübut olunub.
Bu sözləri jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov söyləyib.
O bildirib ki, Holokost bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir, tarixdən dərs alınmalı olan hadisələrdən biridir. Azərbaycan xalqı da öz tarixində soyqırımına və deportasiyaya məruz qalmış xalqdır. Ona görə də bu hadisələrin nə demək olduğunu çox yaxşı bilir.
"Bu səbəbdən xalqımız bu cür hadisələrin heç zaman unudulmasına imkan vermir və həmişə ölkəmizdə Holokostla bağlı tədbirlər keçirilir. Çünki tolerantlığa və multikulturalizmə sahib olmaq heç də həmişə asan deyil və bu keşməkeşli yollar tarixin müxtəlif səhifələrindən dərs almaqla mümkündür. Ona görə də Azərbaycanda yaşayan bütün yəhudilər bu mövzuda həmişə xalqımızın həssaslığını yüksək qiymətləndiriblər", - deyə R.Həsənov qeyd edib.