ABŞ universitetlərində təhsil alan yəhudi gənclər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildəki filialının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutun təşəbbüsü ilə KIVUNIM təşkilatı çərçivəsində İsraildə təhsil alan Amerika yəhudi icmasının gənc liderləri- ABŞ-ın Miçiqan, Harvard, Vaşinqton, İllinoys, Kolumbiya, Kaliforniya və Merilend ştatlarının universitetlərini təmsil edən 50-dək tələbə ilə Bakı Beynəlxalq Multikultralizm Mərkəzində (BBMM) görüş keçirilib.
Öncə tələbələrə “Azərbaycan – dünya üçün multikulturalizmin və tolerantlığın əsl modeli” mövzusunda sənədli film təqdim edilib.
Qonaqları BBMM-də salamlamaqdan məmnun olduğunu bildirən Mərkəzin şöbə müdiri Sərxanbəy Xudiyev təmsil olunduğun qurumun beynəlxalq və regional layihələrindən söz açıb. Şöbə müdiri Mərkəzin dünyanın 8 ölkəsində filialının açılmasından, Azərbaycan multikulturalizmi fəninin 15 xarici, 38 yerli universitetində tədrisi, ölkəmizdə mütəmadi təşkil edilən multikultralizm yay və qış məktəbləri haqqında məlumat verib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları Anna Bayramova, Ceyhun Məmmədov, Rəvan Həsənov xarici tələbələrə Azərbaycandakı tolerant ənənələr, multikultural əhval-ruhiyyə barəsində söbhət açıb.
Çıxışlarda qeyd olunub ki, statistik məlumatlara görə Azərbaycanda 16 min yəhudi məskunlaşıb. Onlar burada 2500 ildən artıqdır ki, yaşayırlar. Azərbaycandakı yəhudilər əsrlər boyu ortaq düşmənə qarşı birgə vuruşaraq vahid vətənləri Azərbaycanı qoruyublar.
BBMM-in filial rəhbəri Arye Qut bildirib ki, Azərbaycan bu gün tərəqqinin və İslam dünyasının inkişafının mayakı, sivilizasiyalararası və dinlərarası dialoqun əsl nümunəsi, eləcə də multikulturalizm və tolerantlığın real örnəyidir. Siyasi ekspert həmçinin müasir mərhələdə Azərbaycanın xarici siyasət strategiyasından, Cənubi Qafqazın lideri kimi rolundan və yerindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətdən, İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən söz açılıb.
A.Qut, həmçinin amerikalı tələbələr İsrailli ekspert qeyd edib ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi dini və etnik tolerantlığa zəmanət verən, dövlətin bu sahədə rolunu gücləndirən iki təsisat yaradıb: “İlk olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti təsis edilib. Daha sonra əsas fəaliyyəti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin təşviqi olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, Azərbaycan həm də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin vətənidir. Milli azlıqlara dözümlülük və hörmət qədim zamanlardan, Böyük İpək Yolu çağlarından bu günədək ölkənin inkişafının təməli olub”.
İsrail ekspertinin sözlərinə görə, qədim Azərbaycan torpağında iudaizm, islam, atəşpərəstlik və xristianlıq dinlərinə sitayiş edən insanlar yaşayıblar: “Bu torpaq indi də tolerantlıq və dini dözümlülüyə inanılmaz dərəcədə can atdığını nümayiş etdirir. Ölkənin yəhudi icmasının nümayəndələrinə səmimi və qardaş münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda antisemitizm əzəldən olmayıb və yəhudilər burada özlərini yad hiss etməyiblər”.
Arye Qut amerikalı tələbələrin diqqətinə çatdırıb ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı hələ də davam edən təcavüzünə və münaqişəyə baxmayaraq, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və əslən bu ölkədən olan bir çoxları bu tolerantlıq amili ilə fəxr edirlər: “Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasının həyat tərzi və ənənələrinə qayğıkeş və səmimi münasibət bəsləyir. Qədim Qırmızı Qəsəbə dağ yəhudilərinin İsrail hüdudlarından kənarda kompakt yaşadığı yeganə və unikal məkan, Azərbaycanın əsl iftixarıdır. Qırmızı Qəsəbə Azərbaycanda dini icma təmsilçilərinin – müsəlmanlar və yəhudilərin sıx əməkdaşlığı və tərəfdaşlığının nəticəsidir. Bu gün Azərbaycan müxtəlif dinlərin fərqli xalqların nümayəndələrinin dinc yanaşı yaşamasına və bir-birinə hörmət etməsinə real və əsl örnəkdir”.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, gənclərə BBMM-in hədiyyə və nəşrləri təqdim edilib.
Запись ABŞ universitetlərində təhsil alan yəhudi gənclər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.