Litvada Azərbaycan multikulturalizmi təntənələri
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkələrin universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində dünyanın 13 nüfuzlu universitetində sözügedən fənn tədris edilir.
Bu ilin yaz semestri ərzində “Azərbaycan multikulturalizmi” fənni Litva Pedaqoji Universitetində də tədris olunub. Fənni tədris edən filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova ilə Litvada fənnin tədrisinin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği və təşviqi istiqamətində görülən işlər barəsində söhbətləşdik.
“Ölkəmizin Litvadakı səfirliyi tərəfindən açılan Nizami Gəncəvi adına otaqda keçirilən Azərbaycan multikulturalizminin ümumi qayəsi və məramı haqqında tanışlıq səciyyəli ilk dərsdə universitetin beynəlxalq əlaqələr departamentinin rəhbəri Kestutis Salaveyus, şöbə müdiri Loreta Xodzkien və departamentin bir neçə əməkdaşı da iştirak edirdi. Mühazirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin proqramı əsasında və slaydlar şəklində təqdim olunub. Qeyd edim ki, Azərbaycan multikulturalizminin tarixi, ictimai-siyasi səbəbləri, ədəbi-bədii qaynaqlarda izləri tələbələrin ən çox maraq göstərdiyi sahədir. Mühazirələrin sonunda tədrislə bağlı bilik səviyyəsini yoxlamaq üçün keçirilən sorğuda fərqlənən 3 tələbə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay məktəbinə müraciət etmək şansı qazandı”.
Əfsanə Məmmədova Litva Pedaqoji Universitetində tədrislə məşğul olmaqla yanaşı Vilnüs Universitetində və Kaunasın Vyatautas Magnus Universitetində qonaq mühazirəçi qismində müştərək və birdəfəlik olmaqla silsilə mühazirələrlə çıxış edib.
Pedaqoq mühazirələrdə Azərbaycanın tarixi, Dağlıq Qarabağ münaqişəsi, ölkəmiz müstəqilliyini qazandıqdan sonra əldə etdiyi uğurlar, ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və sair haqqında da ümumi bilgi verməklə yanaşı, multikulturalizmin dünya təcrübəsi, Azərbaycan multikulturalizminin tarixi, sosial-ictimai səbəbləri, ədəbi-bədii qaynaqları haqqında məlumat verib, müxtəlif din və millətlərdən olan xalqların multikonfessional dövlət tərkibində dostluq, sülh şəraitində yaşadıqlarını, dil, din fərqinə baxmayaraq, hamının eyni hüquq və bərabərliyə malik olduqlarını bildirib. Alim milli kimlik və milli birlik ideologiyası haqqında litvalılarla yanaşı, İtaliya, Ukrayna, Turkiyə, İspaniya və Rusiyadan olan tələbələri məlumatlandırıb. Əfsanə Məmmədovanın Vilnüs universitetində keçirdiyi ilk mühazirəsi Novruz bayramına təsadüf etdiyi üçün tələbələri bu bayramın adət-ənənələri ilə tanış edib, öz təşəbbüsü ilə tələbələr üçün şənlik təşkil edərək onları Novruz şirniyyatına qonaq edib.
Əfsanə Məmmədova Vilnüs universitetində olarkən Universitetin Xarici dillər və Şərq dilləri Departamentinin müəllim heyəti ilə görüşüb: “Qeyd edim ki, Vilnüs Universitetindəki say etibarilə ikinci birdəfəlik mühazirəm Türk Bilim Mərkəzi tərəfindən təşkil olunub. Mayda qonaq mühazirəçi qismində növbəti birdəfəlik mühazirəm isə Kaunasin Vytautas Magnus universitetinin Politologiya kafedrasınən tələbələri üçün nəzərdə tutulmuşdu. Mühazirə böyük maraqla qarşılandı. Tələbələr arasında 4 azərbaycanlı da var idi. Kafedranın müdiri Dr. Andzejus Puksto məni çox gözəl qarşıladı, 2014-cü ildə Azərbaycanı ziyarət edərkən aldığı xoş təəssüratlarla bölüşdü.
Beynəlxalq departamentin rəhbəri Kestutis Salavejus ən sadiq tələbələrim sırasında idi. Azərbaycan multikulturalizminə, xüsusilə də Azərbaycanın müxtəlif millətlərdən olan xalqlara əsrlər boyu ev sahibliyi etdiyini öyrənən alim ölkəmizdə litvalıların izlərinə düşərək, bu səpkidə bir sıra dəyərli məlumatlar toplamağa müvəffəq olub. Məhz onun sayəsində Litvanin məşhur yazıçılarından, Litvanın tanınmış alimi, ictimai xadimi Vintsas Krevenin yaradıcılığı ilə tanış oldum, onun 20-ci əsrin əvvəllərində ADR vaxtında Azərbaycanda Litvanın konsulu kimi çalışdığını, Azərbaycana dair bir sıra hekayələr qələmə aldığını öyrəndim. Litvadakı Azərbaycan diasporasının sədri Mahir Həmzəyevin Vintsas Krevenin həyat və yaradıcılığına, eləcə də Azərbaycan dövrünə dair çox sayda məqalə və tərcümələri var. Krevenin “Azəristan ölkəsi” adlı əsəri ilə tanışlıq da məhz Mahir Həmzəyevin tərcüməsi sayəsində mümkün oldu. Bu tanışlıq sonradan gözəl bir layihənin ərsəyə gəlməsinə səbəb oldu. Sözügedən hekayəni bəzi əlavə və dəyişikliklərlə mayın 30-da Litva Pedaqoji Universitetində səhnələşdirdim. Teatr tamaşası Azərbaycan klassiklərinin musiqiləri ilə müşayiət olunurdu. İngilis dilində səhnəyə qoyulmuş tamaşa Azərbaycanın müstəqillik gününə həsr edilmişdi. Multikultural ideyaların qabardıldığı tamaşaya aktyor qismində müxtəlif millətlərdən olan tələbələri cəlb etdim. Litvalı, türk, rus, azərbaycanlı və ukraynalı tələbələrdən ibarət 13 nəfərlik heyətin hazırladığı tamaşa fərqli formatda tərtib olunmuşdu. Tamaşanın nümayişindən sonra Litva Pedaqoji Universitetinin yeganə azərbaycanlı tələbəsi Arif Qafarovla birgə “Sarı gəlin” xalq mahnısını piano və gitarada ifa etdik. Tamaşa və ifa hərarətlə alqışlandı.
Hesab edirəm ki, Litvada tədris müddətində xarici tələbələrə həm mühazirələr, həm müxtəlif görüşlər, həm də şəxsi təşəbbüslərimizdən irəli gələn layihələr vasitəsilə Azərbaycan multikulturalizmini daha geniş şəkildə təbliğ və təşviq etməyə müvəffəq olduq”.
Запись Litvada Azərbaycan multikulturalizmi təntənələri впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.