Multikulturalizm Mərkəzinin rəhbəri Beynəlxalq Forumda çıxış edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Dillər Universitetində keçirilən “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” mövzusunda  Beynəlxalq Forumda çıxış edib. İcraçı direktor bildirib ki, dünya inkişafının müasir dövrü qloballaşma prosesləri ilə bağlı siyasi konfiqurasiyanın köklü dəyişməsi ilə seçilir. Bunun nəticəsində  müxtəlif xalqların və etnik qrupların bir-biri ilə qarşılıqlı əlaqəsi  genişlənir. Bu əlaqələr özünü həm müsbət, həm də mənfi tərəfdən göstərə bilir. Bu proseslərin idarə olunması üçün mültikulturalizm siytasəti aktivləşir, unikal modellər çərçivəsində mədəniyyətlər və sivilizasiyalar arasında dialoq üçün zəruri alətə çevrilir. İcraçı direktor qeyd edib ki, Azərbaycan da bütün bu prosesləri nəzərə alaraq özünün multikulturalizm modelini işləyib hazırlayıb. Bu gün respublikamızda tarixi şəraitə görə 50-dən çox müxtəlif xalqların və etnik qrupların nümayəndəsi yaşayır. Onlar say tərkibinə görə fərqlənirlər, lakin onların hər biri öz mədəni kodunun daşıyıcısıdır ki, bu da onlara mədəni xüsusiyyətləri müəyyən etməyə imkan verir. Respublikamızda bütün vətəndaşlara cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında iştirak etmək üçün bərabər imkanlar konstitusiya ilə təmin edilib. Müxtəlif etnik qrupların kompakt yaşadığı rayonlarımızda ümumtəhsil məktəblərində tədris orada yaşayan etnik qrupların dillərində aparılır, tədris materialları və didaktik materiallar etnik dillərdə hazırlanır. Etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə dövlət büdcəsindən maliyyələşən yerli televiziya kanalları orada yaşayan etnik qrupların dillərində müntəzəm olaraq yayımlanır, qəzet və jurnallar onların öz dillərində nəşr olunur.
Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə də diqqət çəkib. Məlumat verib ki, Mərkəz azərbaycançılıq ideologiyasına uyğun olaraq tolerantlığın və mədəni, dini və dil müxtəlifliyinin qorunub saxlanmasını təmin edən, Azərbaycanı dünyaya multikulturalizm mərkəzi kimi təqdim edən, eyni zamanda mövcud multikulturalizm modellərini araşdıran və təbliğ edən təşkilatdır. Mərkəz Azərbaycanın etnik və dini icmaları ilə birbaşa işləyir, sosial-mədəni qurumlarla, milli azlıqların nümayəndələri ilə mütəmadi görüşlər və müzakirələr aparır, ölkədə yaşayan milli azlıqların etnomədəni hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli proqram və layihələrin həyata keçirir.
Mərkəzin diqqətəlayiq layihələrindən biri də “Azərbaycan multikulturalizmi” fənninin  xaricdə tədrisidir. Bu günədək “Azərbaycan multikulturalizmi” fənni dünyanın 27 universitetində tədris olunub. Layihənin davamı olaraq xarici və yerli universitetlərdə Azərbaycan mültikulturalizmini öyrənən tələbəl üçün Beynəlxalq Yay və Qış Məktəbləri təşkil olunur. 
Multikulturalizmin Azərbaycan modeli, ölkənin tarixi, coğrafi mövqeyi, sosial və mədəni müxtəlifliyi ilə əlaqədar xüsusi bir əhəmiyyət daşıyır. Azərbaycan, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada yaşadığı, etnik və dini cəhətdən zəngin bir ölkə olaraq multikulturalizmi öz dövlət siyasətinin əsas prinsipi kimi qəbul edir. Bu model, ölkədə mövcud olan fərqli etnik qrupların və dinlərin bir-birinə hörmətlə yanaşması, qarşılıqlı əlaqə və əməkdaşlıq şəraitində birgə yaşamasını təmin edir.


Proqramlarda Mərkəzimizin fəaliyyəti - görülən işlər və həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanda multikulturalizm siyasəti də öz əksini tapıb. Bu günə kimi yerli və xarici qonaqların iştirakı ilə MEDİA və multikulturalizm, Azərbaycanlıların Soyqırımı, Tolerantlıq Günü, Bakı Prosesi, VI Bakı Beynəlxalq Humanitar Forumu, Qafqaz Albaniyası və Udilər mövzularında onlarla proqram hazırlanaraq təqdim olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həm multikulturalizm sahəsində aparılan elmi tədqiqatların nəticələrini, həm də bu sahədə keçirilən yerli və xarici konfransların dərsliklərini, dərs vəsaitlərini və materiallarını nəşr etdirir.
Həmçinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi sosial və humanitar mövzuların öyrənilməsinə həsr olunmuş və multikulturalizm sahəsində tədqiqatlarla bağlı yüksək keyfiyyətli tədqiqatlar üçün platforma təmin etmək üçün nəzərdə tutulmuş beynəlxalq açıq çıxışlı jurnal olan Beynəlxalq Multikulturalizm jurnalını nəşr edir. Beynəlxalq Multikulturalizm jurnalı alimlərə multikultural psixologiya, multikultural ünsiyyət, təhsil, fənlərarası idarəetmə, sosial rifah, sosiologiya və əlaqəli fənlər sahələrində tədqiqatlar dərc etmək imkanı verir.

Etiketlər