Çexiyada Azərbaycan multikulturalizmi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində sözügedən fənnin keçildiyi dünyanın 13 nüfuzlu ali təhsil müəssisəsi sırasında Çexiyanın paytaxtı Praqada yerləşən Karlov Universiteti də var. “Azərbaycan multikulturalizmi” fənnini bu ilin yaz semestrində həmin universitetdə tədris edən Roza Şəfiyeva ilə bugünlərdə tədrisin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği istiqamətində görülən işlər barəsində söhbətləşdik.
Roza Şəfiyeva bildirib ki, dərslər bu ilin mart-iyun ayı ərzində Karlov Universitetinin Fəlsəfə fakültəsinin Şərqi Avropa ixtisası və musiqi bölümünün tələbələrindən, eləcə də universitetdə Ukrayna dilini tədris edən müəllimdən ibarət 14 nəfərlik heyətə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tərəfindən təqdim edilən tədris proqramı əsasında keçilib. Tədrisin sonunda müdavimlər uğurlu nəticə göstəriblər.
Pedaqoq Praqada olduğu müddətdə “Çex mərkəzləri” təşkilatının əməkdaşları ilə görüş keçirib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Adıçəkilən təşkilatın rəhbərliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etməyə, birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildirib.
Roza Şəfiyevanın təşəbbüsü və “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələrin iştirakı ilə aprel ayında Karlov Universitetində “Azərbaycan mətbəxi” günü keçirilib. Tədbirdə tələbələr milli mətbəximizə aid təamlar hazırlayıblar, Azərbaycan xalq musiqilərini dinləyiblər. Tədbirin sonunda iştirakçılara milli mətbəximizi əks etdirən “Azerbaijani cuisine” adlı kitab hədiyyə olunub.
Çexiyada Azərbaycanla bağlı daha bir maraqlı təqdimatı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi Qış məktəbinin iştirakçısı, eyni zamanda 2015-ci ildə “Azərbaycan multikulturalizmi” fənninin dinləyicisi Yakup Blinka təqdim edib. Yakup Blinka həmin kursun hazirki dinləyiciləri ilə Qış məktəbi haqqında təəssüratlarını bölüşüb, dərs zamanı Azərbaycan haqqında dinlədiyi, oxuduğu məlumatları, burada müxtəlif millətlərin və dinlərin nümayəndələrinin birlikdə sülh içində yaşadıqlarını öz gözləri ilə görüb şahidi olduğunu bildirib və Azərbaycan xalqının qonaqpərvərliyini xüsusilə vurğulayıb. Sonda o, çoxsaylı sualları cavablandıraraq bütün dinləyiciləri növbəti Yay məktəbində iştiraka dəvət edib”.
Roza Şəfiyeva söhbətində önəmli məqam kimi Azərbaycanın Çexiyadaki səfirliyinin, bilavasitə səfir Fərid Şəfiyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrə dəstək olduğunu, “Azərbaycan multikuturalizmi” fənnini öyrənən tələbələrlə vaxtaşırı görüşlər keçirildiyini diqqətə çatdırıb:
“Azərbaycanın Çexiyadakı fövqaladə və səlahiyyətli səfiri Fərid Şəfiyev aprel ayında Karlov Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrlə görüşüb. “Azərbaycan Respublikasınınin multikulturalizm siyasəti və ölkənin sosial- iqtisadi inkişafı” mövzusunda oxunan mühazirədən sonra tələbələr Azərbaycan multikulturalizmi, ölkəmizin daxili və xarici siyasəti, tarixi və digər sahələri ilə bağlı maraq doğuran çoxsaylı suallarla səfirə müraciət ediblər. Fərid Şəfiyev sualları cavablandıraraq tələbələrin Azərbaycanla bağlı biliklərinin artması və inkişafı üçün mövcud imkanları çərçivəsində səfirliyin dəstəyini əsirgəməyəcəyini bildirib. Səfirlik əməkdaşları ilə daha bir görüş may ayında keçirilib. Səfir Fərid Şəfiyev və səfirliyin mədəniyyət və humanitar məsələləri üzrə müşaviri Nigar Əfəndiyeva Karlov Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrlə səfirlikdə keçirirlən görüşdə Azərbaycan ilə bağlı planlaşdırılan tədbirlər barəsində məlumat verib. N. Əfəndiyeva tələbələri səfirlikdə yerləşən Azərbaycanın mədəniyyəti və tarixi nümunələri ilə tanış edib. Sonda tələbələrə Azərbaycana aid kitablar paylanılıb”.
Запись Çexiyada Azərbaycan multikulturalizmi впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.