Multikulturalizm Mərkəzinin müşaviri beynəlxalq dəyirmi masada çıxış edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qazaxıstanın Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünyanın dayanıqlı inkişafına nail olmaqda dini liderlərin rolu” mövzusunda onlayn dəyirmi masa keçirilib. Tədbirdə Mərkəzin müşaviri Aytən Qəhrəman çıxış edib. O çıxışında vurğulayıb ki, dünyanın dayanıqlı inkişafına nail olmaqda dini liderlərin rolu əhəmiyyətlidir. Onların mesajları və fəaliyyətləri insanların dünyagörüşünü, dəyərlərini və sosial münasibətlərini formalaşdırır. Dini liderlər insanlar arasında həmrəylik, ədalət və mərhəmət kimi əxlaqi dəyərləri təbliğ edirlər. Bu dəyərlər dayanıqlı inkişafın əsasını təşkil edir, çünki insan hüquqlarının və bərabərliyin təmin edilməsi, sosial ədalətin bərqərar olması, yoxsulluğun və aclığın aradan qaldırılması kimi məsələlərdə mühüm rol oynayır. Aytən Qəhrəman Azərbaycanın bu istiqamətdə gördüyü işlərə diqqət çəkib. Bildirib ki, Qərblə Şərqin qovşağında yerləşən Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoq hər zaman yüksək səviyyədə qurulub.  Vurğulayıb ki, Azərbaycanda mədəniyyətlər və dinlər arasında dialoq və qarşılıqlı anlaşmanın qurulmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xüsusi rol oynayır. O, Mərkəzin fəaliyyəti haqqında məlumat verib, bu istiqamətdə görülən işlərdən danışıb.

Etiketlər