VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin ikinci günü Qubada davam edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi fevralın 17-də Qubada davam etdirilib.
Dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduğu layihənin iştirakçıları əvvəlcə “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirə dinləyiblər.
Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli mühazirədə Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində birgə yaşadığı məkan olduğunu söyləyib.
Mühazirədə Azərbaycan ərazisində qədim zamanlardan mövcud olan müxtəlif dini etiqadların təşəkkül tapması tarixindən danışılıb. Atəşpərəstlik, zərdüştlük, iudaizm, xristianlıq və islam dinlərinin yayılması və milli-mənəvi dəyərlərin formalaşmasından bəhs olunub.
Bildirilib ki, bu gün ölkəmizdəki tolerantlıq, müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması dünyaya nümunədir. Ölkəmizdə həm də dövlət siyasəti kimi həyata keçirilən tolerantlığın dərin tarixi və mədəni kökləri var. Bu gün də ölkəmizdə etnik azlıqların nümayəndələrinin öz adət-ənənələrinə uyğun yaşamaları üçün hər cür şərait yaradılıb.
Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər multikulturalizmdən, tolerantlıq ənənələrinin inkişafından xəbər verir və bu sahəyə böyük diqqət ayrılır.
Mühazirədə bildirilib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurulub və birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər.
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki “Giləki” və “Altı günbəz” sinaqoqları ilə yaxından tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Layihə iştirakçıları günün ikinci yarısında Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olacaq. Günün sonunda isə VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi iştirakçılarının təqdimatında “Öz xalqını təqdim et” musiqili axşamı təşkil ediləcək.
Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası və Braziliyadan tələbələrin cəlb olunduğu layihə çərçivəsində fevralın 23-dək Quba, Qusar, Xaçmaz rayonlarında və Bakı şəhərində bir sıra tədbirlər keçiriləcək.
Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.