XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ADA Universitetində olublar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ADA Universitetində olublar. Onlara universitetin fəaliyyəti haqqında məlumat verilib. Sonra qış məktəbinin iştirakçıları ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə görüşüblər. Prorektor bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. O, Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb.  Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Qarabağda aparılan quruculuq işlərindən bəhs edib. 
Qeyd edək ki, qış məktəbi mart ayının 17-dək davam edəcək. Qış məktəbi Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarında da fəaliyyət göstərəcək. XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən artıq tələbə iştirak edir.  

Etiketlər