Rəvan Həsənov: Qış Məktəbinin iştirakçıları ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görəcəklər

Bu gün Beynəlxalq Multikulturalizm Qış Məktəbi start götürür. Artıq 11-ci dəfədir Multikulturalizm Qış və Yay məktəbləri təşkil olunur. Budəfəki qış məktəbində 17 ölkədən 20-dən çox gənc iştirak edir. Gənclər çox fərqli coğrafiyalardan - ABŞ-dan İndoneziyaya qədər müxtəlif ölkələrdən gəliblər.
Bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov söyləyib.
İcraçı direktor deyib ki, budəfəki Qış Məktəbinin mövzusu müharibə cinayətlərinin mədəni irsə vurğu zərərə və Qarabağ münaqişəsinə həsr olunub. İştirakçılar Bakıdan əlavə, Ağdam və Şuşa şəhərlərində də olacaqlar. Qış Məktəbini keçirməkdə məqsəd dünya gənclərinə Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizmi, məscidlərimizə, dini ibadətgahlarımıza vurduğu ziyanı yaxından göstərməkdir.
“Əlbəttə, 30 illik işğal dövrü bitəndən sonra Qarabağda şahidi olduğumuz dağıntılar bizi də sarsıdıb. İstəyirik ki, dünya ictimaiyyəti, dünya gəncləri bu barədə dolğun məlumat alsınlar, həmçinin erməni vandalizmini öz gözləri ilə görsünlər. Bu, çox vacibdir. Çünki hazırda ermənilər mədəni irsi əllərində “bayraq tutaraq” yalançı təbliğatlarını davam etdirirlər, - deyə R.Həsənov qeyd edib.
O vurğulayıb ki, Qış Məktəbində iştirak edən gənclər sosial şəbəkələrdə, həm də öz ölkələrində çox fəaldırlar. Onların Ağdam və Şuşaya səfərləri ermənilərin törətdikləri dağıntıları, mədəni irsimizə qarşı olan vandalizmi öz gözləri ilə görmələri məqsədilə təşkil olunub.
“Xarici ölkələrdən gələn gənclər bir həftə ərzində ölkəmizin ictimai-siyasi xadimləri ilə görüşəcəklər. Mühazirələr zamanı gənclərə erməni terroru, ermənilərin xalqımıza qarşı törətdikləri qətliamlar, bir milyondan çox məcburi azərbaycanlı köçkün haqqında məlumat veriləcək. Qış Məktəbinin iştirakçıları Qarabağ münaqişəsi və sonrakı dövrdə həyata keçirilən layihələr, yenidənqurma işləri ilə də yaxından tanış olacaqlar”,- deyə icraçı direktor vurğulayıb.

Etiketlər