Dövlət müşaviri Kamal Abdullayev IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüşüb

 

IMG_0666

Fevralın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) bu qurumun  və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, (BBMM)  Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin görüşü olub.

Dövlət müşaviri  IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçılarını Bakıda və Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu bildirib: “IV Beynəlxalq Multikulturalizm qış məktəbində Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və  Rumıniyadan gələn bütün qonaqlarımızı salamlayıram. Bir həftə çox tez gəlib keçdi. Ümid edirəm ki, bu bir həftə ərzində Şəki, Qax, Oguz və Qəbələdə keçirdiyiniz görüşlər, mühazirələr sizin üçün maraqlı oldu. Bildiyimə görə, maraqlı dərslər keçilib, inanıram ki, həm bu dərslər, həm də Azərbaycanın bir-birindən maraqlı multikultural bölgələrinə səfərləriniz ölkəmiz haqqında təsəvvürlərinizi daha da dərinləşdirib. Xarici ölkələrdə Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr üçün mütəmadi olaraq təşkil etdiyimiz Beynəlxalq multikulturalizm yay və qış məktəbləri artıq ənənəyə çevrilib. Bu layihə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilir. Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə çalışır ki, ölkəmizin dostları ilə əlaqələri daha da möhkəmlənsin. Biz inanırıq ki, Azərbaycana olan marağınız məhəbbətə çevriləcək, Azərbaycana olan məhəbbətiniz isə eyni zamanda qış məktəbində təmsil olunan o biri ölkələrə də sevgiyə çevriləcək.

Dövlət başçısı 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etmişdi. Bu bizim üçün çox maraqlı bir hədəf oldu və il ərzində öz xarici həmkarlarımızla multikulturalizmin müxtəlif aspektlərini dərindən analiz etdik, eyni zamanda öyrəndik ki, bizi digər xalqlarla, ölkələrlə birləşdirən nə qədər potensial imkanlar, xətlər var.

Tələbələrin arasında Azərbaycana ilk dəfə gələnlər və həmçinin bundan əvvəl də bir neçə dəfə olanlar var. İnanıram ki, təhsil aldığınız universitetləri bitirdikdən sonra da Azərbaycanla əlaqəniz, burda qazandığınız dostlarla münasibətiniz, dostluqlarınız davam edəcək. Sizin azərbaycanlı gənc dostlarınız bu müddət ərzində sizi çox sevdilər. Ümid edirəm ki, sizlər də onları sevdiniz və bu sevgi bütün həyatınız boyu bir-birinizin yanında olmaq üçün kifayət edəcək.

Bizim bundan sonra da müxtəlif layihələrimiz olacaq. Hazırda “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu fəaliyyət göstərir. Sizləri bu klubun üzvlüyündə, eləcə də həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində həyata keçirdiyimiz layihələrdə iştirakınızdan çox şad olarıq. Arzu edirəm ki, Azərbaycana gəlişiniz ilk olsa da, son olmasın və mütəmadi olaraq bizim aramızda ünsiyyət davam etsin”.

Görüşdə tələbələr IV Beynəlxalq multikulturalizm qış məktəbində əyani şəkildə tanış olduqları Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini bölüşüblər və gələcəkdə də ölkəmizə səfər etmək arzularını bildiriblər.

Запись Dövlət müşaviri Kamal Abdullayev IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüşüb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.