III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Oğuzda

 

Foto Oğuz 7

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi proqrama əsasən iyulun 24-də Qəbələdə öz işini davam etdirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasından keşiş Konstantin Ata, Böyük Britaniya yəhudi icmasının rəhbəri Lourens Brassın iştirakı ilə BBMM-in Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirə oxuyublar.

Mühazirədə Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığı vurğulanıb: “Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Qədim azərbaycanlılar arasında əcdadların ruhlarına, qayalara, ağaclara, müxtəlif təbiət hadisələrinə və xüsusən də səma cisimlərinə pərəstiş güclü olub. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxıb. Oda pərəstiş, xüsusilə, Cənubi Azərbaycanda geniş vüsət almışdı. Atropatenanın əsas şəhərlərində böyük atəşgahlar var idi.

Azərbaycanda geniş yayılmış dinlərdən biri də Zərdüştilik olub. Zərdüştilik vəhy dinlərinin ən qədimi hesab olunur. Qədim yunan və orta əsr müsəlman tarixçiləri, həmçinin bir çox sonrakı tədqiqatçılar Azərbaycanı Zərdüştiliyin vətəni hesab edirlər.

Azərbaycan tarixində özünəməxsus yeri olan dinlərdən biri də İudaizmdir. Ölkəmizdə üç yəhudi icması mövcuddur: dağ yəhudiləri, Avropa yəhudiləri və gürcü yəhudiləri. Bunlardan ən qədimi dağ yəhudiləri sayılır. Onların Azərbaycana gəlmə tarixi mübahisəlidir. Alban tarixçisi Musa Kalankatuklunun fikrincə, dağ yəhudiləri ölkəmizə eradan əvvəl I əsrdə gəliblər. Digər məlumata görə isə, onlar buraya Sasani hökmdarı I Xosrov Nuşirəvan (531-579) tərəfindən köçürülüblər. Avropa və gürcü yəhudiləri isə, Azərbaycana təxminən 200 il əvvəl XIX əsrdə gəlməyə başlayıblar.

Azərbaycanda xristianlıq yeni eranın ilk əsrlərində yayılmağa başlayıb. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə yayan apostol Faddey olub. Onun missiyasını sonra şagirdi Yelisey davam etdirib. Yelisey Aqvanın Qis adlı yerində (Şəkinin Kiş kə ndi) Qafqazın ilk xristian məbədini inşa etdirib. Qaynaqlarda bu məbəd “Şərq kilsələrinin anası” adlandırılır. IV əsrdən başlayaraq Qafqaz Albaniyasında Xristianlığın yayılması yeni mərhələyə qədəm qoyub. 313-cü ildə Roma imperatoru Konstantin Xristianlığa etiqad üzərindən qadağanı götürdükdən sonra Alban hökmdarı Urnayr  Xristianlığı dövlət dini elan edib. VII əsrdə ərəblərin Azərbaycana gəlişindən və Qafqaz Alban dövlətinin süqutundan sonra Xristianlıq bölgədə zəifləməyə başlayıb.

Ərəblərin ölkəyə gətirdiyi yeni monoteist din – İslam xalqımızın milli-mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb.

Azərbaycanda İslamın yayılması bir neçə mərhələdən keçib. Birinci mərhələ VII əsrin ortalarından VIII əsrin əvvəllərinədək davam edən islam fəthləri dövrünü əhatə edir. İslamın yayılmasının ikinci  mərhələsi VIII əsrin əvvəllərindən başlayır və Qərbi İranda, İraqda Büveyhilərin hakimiyyətə gəlməsi ilə bitir. Bu dövrdə İslam ölkədə əsas dinə çevrilir. Azərbaycanda islamlaşmanın üçüncü mərhələsində ölkə ərazisində sünni (Hənəfi) və şiə (İmami) məzhəbləri aparıcı dini cərəyanlara çevrilirlər. Azərbaycanın islamlaşmasının dördüncü mərhələsi Səlcuqilər dövrünü əhatə edir. Bu dövrdə sünnilik bölgədə hakim məzhəb olub, şiəlik isə zəifləyib. Həmin dövrdə sufi təriqətləri özlərinə xeyli tərəfdar toplayaraq ölkədə geniş yayılıblar.  Ölkə ərazisində İslamlaşmanın beşinci mərhələsi isə XIII əsrin I yarısından XV əsrin II yarısınadək olan dövrü əhatə edir. Göstərilən müddətdə sufi cərəyanları əhali arasında böyük nüfuz qazanıb, müxtəlif sufi təriqətləri geniş yayılıb.

1501-ci ildə Səfəvi sülaləsinin hakimiyyətə gəlməsi ilə Azərbaycanın islamlaşması prosesi tamamilə yeni mərhələyə qədəm qoyub. Səfəvilər Osmanlı imperiyasından fərqli olaraq, şiəliyə etiqad edirdilər və başlarına 12 imamın şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Bu səbəbdən onlara “qızılbaşlar” deyirdilər.

XIX əsrdə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ölkənin dini mənzərəsində böyük dəyişikliklər baş verib. Pravoslavların, katoliklərin, müxtəlif protestant məzhəblərin, Rus Pravoslav Kilsəsindən qopmuş sektant qrupların regiona gəlməsi məhz bu dövrə təsadüf edib. Rus çarizminin yeritdiyi “köçürtmə siyasəti” nəticəsində, bölgədə pravoslavlıq yayılmağa başlayıb, çar hakimiyyəti tərəfindən təqib edilən sektant xristian qruplar (molokanlar, duxoboretslər, roskolniklər) I Nikolayın fərmanına əsasən, Azərbaycanın ən gözəl guşələrində yerləşdiriliblər.  1920-ci ildə Azərbaycanda sovet çevrilişindən sonra ölkədə bütün dinlər təqib olunmağa başlanmış, birçoxməscidlər, sinaqoqlar, kilsələr bağlanıb və yaxud dağıdılıb, din xadimləri və ruhanilər isə ya güllələnib,ya da sürgünə göndərilib.

SSRİ dağıldıqdan sonra Azərbaycan din sahəsində yeni mərhələyə qədəm qoyub. Ölkədə dinin təbliğinə və yayılmasına şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə bir çox dini-tarixi abidələr bərpa olunub, dini maarifçilik işinə diqqət artırılıb. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Diqqətə çatdırılıb ki,  Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir: « Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Müsəlman, xristian və yəhudi din nümayəndələri iştirakçıların onlara ünvanladıqları sualları cavablandırıblar.

Günün ikinci yarısında tələbələr Oğuz rayonuna səfər ediblər, “Yəhudi məhəlləsi”ndə olublar, Yuxarı və Aşağı məhəllə sinaqoqlarını ziyarət ediblər.

Lourens Brass Yuxarı Məhəllə sinaqoqunda çıxış edərək  Azərbaycandakı tolerant mühit haqqında danışıb: "Burada sinaqoqları gəzərkən müsəlmanların yəhudiləri "Şalom" deyə salamladıqlarını, Şabat münasibətilə təbrik etdiklərinin şahidi oldum. Multikulturallıq və tolerantlıq  ənənələrinin bərqərar olduğu bu ölkədə olmağımdan çox şadam.  Azərbaycan öz tolerantlığı ilə bütün dünyaya nümunə olacaq ölkədir. Siz öz tolerantlığınıza görə öz ölkənizlə fəxr etməlisiniz. Bu yay məktəbinin iştirakçılarına tövsiyə edirəm ki, öz ölkələrinə dönərkən Azərbaycandakı tolerant mühit haqqında danışsınlar."

Günün sonunda Azərbaycan multikulturalizmi modelini öyrənən tələbələr milli çay süfrəsi ətrafında “Təşəkkürlər Qəbələ” adlı mədəni proqramla yay məktəbinin fəaliyyət göstərdiyi regiona minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, III Beynəlxalq multikulturalizm məktəbi növbəti günlərdə fəaliyyətini proqrama uyğun olaraq Bakıda davam etdirəcək.

Запись III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Oğuzda впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.