Multikulturalizm Mərkəzinin müşaviri beynəlxalq konfransda çıxış edib
Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda əvvəlcə Reyunyon adasına həsr edilmiş videoçarx nümayiş olunub. Konfransda Milli Məclisin deputatları, müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar "Reyunyonda fransız müstəmləkəçiliyinin tarixi və müasir vəziyyəti", "Beynəlxalq hüquq çərçivəsində Reyunyonun dekolonizasiya prosesi" mövzularında çıxışlar və təqdimatlar ediblər. Onlar Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər barədə müzakirələr aparıblar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman konfransda çıxış edib. O, 60 il əvvəl Reyunyonda baş vermiş və hələ də açılmamış qalan faciəli hadisələr - "Kreuse uşaqları" işinin tarixi, mahiyyəti və nəticələri haqda danışıb. A.Qəhrəman bildirib ki, həmin dövrdə 2150 uşaq Fransa hakimiyyəti tərəfindən məcburi və icazəsiz olaraq deposrtasiya edilib, işgəncələrə, diskriminasiyaya məruz qalıb. Lakin ədalətsizliyin bütün forma və təzahürlərinə qarşı mübarizədə xüsusi rol oynamaq mövqeyinə malik beynəlxalq təşkilatlar uzun illər ərzində ayrı-seçkilik, insan hüquqlarının, xüsusən də uşaq hüquqlarının pozulması məsələsi kimi bu problemə laqeyd yanaşıblar və Fransa dövləti heç bir cəza almayıb.
Konfransın yekunu olaraq Bakı Təşəbbüs Qrupu və "Ka Ubuntu" Müstəqillik Hərəkatı arasında Anlaşma Memorandumu imzalanıb. Tədbir media nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.