Ölkə universitetlərində tədris olunan “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin monitorinqi keçirilir

 

2016-04-25

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi layihəsi çərçivəsində aprel ayı ərzində həmin fənlərin mütəmadi monitorinqləri keçirilir.

Monitorinqlərin aparılmasında məqsəd Azərbaycan universitetlərində 2015 – 2016 – cı tədris ilinin yaz semestrində tədris olunan magistiratura pilləsində “Azərbaycan multikulturalizmi” və bakalavr pilləsində “Multikulturalizmə giriş” fənnlərinin tədrisi prosesini izləmək və qiymətləndirməkdir.

Aprelin 11-də Memarlıq və İnşaat Universitetində Zəminə Əsgərovanın tədris etdiyi “Çox konfessiyalılıq Azərbaycan Respublikasının multikulturalizm siyasəti kimi” mövzusuna həsr olunmuş dərsin monitorinqi Bakı Slavyan Uuniversitetinin (BSU) “Azərbaycan multikulturalizmi” kafedrasının müdiri Ülviyyə Abbasova və BBMM-in əməkdaşı Aytən Məmmədova tərəfindən həyata keçirilib.

Aprelin 12-də Azərbaycan Texniki Universitetində “Mühəndis biznesi və menecment” fakültəsinin birinci kurs tələbələrindən ibarət qrupda dosent Xaliq Dadaşovun tədris etdiyi “Dini müxtəliflik və multikulturalizm” mövzusuna həsr olunan dərsin monitorinqi Dövlət İdarəçilik Akademiyasının əməkdaşı Cahangir Cahangirli və Bakı Beynəlxalq  Multikulturalizm Mərkəzinin əməkdaşı Sevinc Mürvətqızı tərəfindən təşkil edilib.

Aprelin 12-də Azərbaycan Tibb Universitetinin “Stomatologiya” fakültəsinin xarici tələbələrdən ibarət qrupunda Nigar Ələkbərovanın “Etnik- milli müxtəliflik və multikulturalizm”, rus bölməsində  Sevinc Vəliyevanın  “Dini müxtəliflik və multikulturalizm”, “İctimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzularına həsr olunmuş dərslərin monitorinqini BSU-nun dosenti Hacı Rauf və BBMM-in əməkdaşı Aytən Məmmədova aparıb.

Aprelin 14-də Azərbaycan Kooperasiya Universitetində  dosent Nizami Məhərrəmovun "Multikulturalizmə giriş” fənni üzrə “Ədəbi – bədii qaynaqlarında tolerantlıq və multikultural ideyalar” mövzusunda dərsinin monitorinqini  Azərbaycan Texniki Universitetinin (AzTU) pedaqoqu Əyyub Kərimov və BBMM-in əməkdaşı Umay Həsənova reallaşdırıb.

Aprelin 15-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin “Gömrük işi” və “İqtisadiyyat” fakültələrinin tələbələrindən ibarət qrupda tədris etdiyi “Multikulturalizm və sosial-iqtisadi inkişaf” mövzusunda dərsin monitorinqi BBMM-in əməkdaşları Tofiq Abbasov və Taleh Əhmədov tərəfindən gerçəkləşib.

Aprelin 15-də Əmək və Sosial Münasibətlər Akademiyasının “İqtisadiyyat” fakültəsinin birinci kursunda Şəraffədin Şərifovun "Multikulturalizm etnik – mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli siyasəti kimi” mövzusuna həsr olunmuş dərsin monitorinqi AzTU-nun əməkdaşı Əyyub Kərimov və BBMM-in əməkdaşı Aytən Məmmədova tərəfindən aparılıb.

Aprelin 19-da Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsində Maya Cəfərquliyevanın tədris etdiyi  “Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusuna həsr olunmuş dərsin monitorinqini  BBMM-in əməkdaşları Yadigar Məmmədli və Aytən Məmmədova həyata keçirib.

Aprelin 20-də Azərbaycan Dövlət Dənizçilik Akademiyasında  “Gəmi elektrotexnikası” fakültəsinin tələbələrinə  “Multikulturalizmə giriş” fənnini tədris edən Natalya Avramenkonun dərsini Bakı Slavyan Universitetinin “Azərbaycan multikulturalizmi” kafedrasının dosenti Hacı Rauf və BBMM-in əməkdaşı Taleh Əhmədov monitorinq edib.

20-21 aprel tarixlərində Naxçıvan Dövlət Universitetində də  BBMM-in əməkdaşları Tofiq Abbasov və Hikmət Babayev tərəfindən Universitetin “Memarlıq” və “İqtisad” fakültələrində Bağır Babayevin tədris etdiyi “Multikulturalizmə giriş” fənninin monitorinqi həyata keçirilib.

Qeyd olunan bütün monitorinqlər zamanı  tələbələrin adıçəkilən fənlərə maraq dərəcəsi, tədrislə bağlı əldə olunan nailiyyətlərlə yanaşı ortaya çıxan çətinliklər, perspektivlər və gözləntilər, gələcəkdə tədrisin keyfiyyətinin artırılması və miqyasının daha da genişləndirilməsi məsələləri müzakirə olunub, təklif və tövsiyələr dinlənilib.

Monitorinqlər  ölkənin “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu digər universitetlərində də davam etdiriləcək.

Xatırladaq ki, Bakı Beynəlxalq Mulıtikulturalizm Mərkəzinin müvafiq layihəsi çərçivəsində  hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri tədris olunur.

Запись Ölkə universitetlərində tədris olunan “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin monitorinqi keçirilir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.