Multikulturalizm və onun tədrisi məsələsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 may 2014-cü il tarixli fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis olunduğu tarixdən etibarən həm həyat tərzi, həm də dövlət siyasəti olaraq lokal və qlobal arenada çox ciddi layihələr, o cümlədən, tədbirlər həyata keçirib. 

Təsadüfi deyil ki, cənab prezident tərəfindən 2016-cı ilin "Multikulturalizm", 2017-ci ilin "İslam həmrəyliyi", 2018-ci ilin "Cümhuriyyət", 2019-cu ilin "Nəsimi ili" elan olunması çoxmədəniyyətlilik, sivilizasiyalararası dialoq baxımından məntiqi bütövlüyə malikdir. Məhz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) də dövlət siyasətinin bu istiqamətini əsas götürərək öz fəaliyyətində çoxşaxəliliyi tətbiq edib. BBMM bu illər ərzində keçirilən konfanslar və tədbirlər, xüsusilə Bakı prosesi (2008-2018) çərçivəsində həm ölkəmizdə, həm də xarici ölkələrdə mədəniyyətlərarası dialoq, humanitar forumlar, dinlərarası dialoq platformalarında təşkil olunan panellərdə Azərbaycan multikulturalizmini uğurla təbliğ və təşviq edib.

Bu yazıda həm ölkə daxilində, həm də xaricdə tədris olunan "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədrisinin funksional roluna,  tədris prosesindəki dialektik təsirinə dair öz müşahidə və mülahizələrimi təqdim etməyə çalışacağam.

Hazırda dünyanın 19 ölkəsində, ölkəmizdə isə 40-dək ali təhsil müəssisəsinin bakalavr və magistratura pillələrində bu fənlər tədris olunur. BBMM tərəfindən bu fənlərin tədris prosesinə monitorinqlər vasitəsilə nəzarət edilir. Xaricdə monitorinqlərin aparılmasında ölkənin tanınmış ictimai-siyasi, dövlət xadimləri və alimləri yaxından iştirak edirlər. Bu monitorinqlər təhlil edilir, perspektivlər və imkanlar barəsində planlar hazırlanır. Təsadüfi deyil ki, mərkəz sırf bu tədris prosesi ilə bağlı xarici və yerli müəllim-tələbə heyətinin iştirakı ilə virtual dəyirmi masa təşkil edib, fikir və mülahizələr kitabça şəklində nəşr olunub. Digər tərəfdən, prosesin nəticəsi kimi BBMM tərəfindən hər il multikulturalizmin yay və qış məktəbləri təşkil olunur. "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərini nəzəri şəkildə öyrənən xarici-yerli tələbə və tədqiqatçılar yay və qış məktəbləri çərçivəsində Azərbaycandakı multikultural mühiti yaxından görür, əyani şəkildə təcrübə aparırlar.

"Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədrisi həm humanitar, həm də texniki sahələr üzrə ixtisaslaşmış universitet və fakültələrdə tədris olunur. İlkin olaraq qeyd etməliyəm ki, interdisiplinar məzmun və mahiyyət daşıyan bu fənlər xüsusilə xarici dillərin tədris olunduğu universitetlər üçün əhəmiyyətlidir. Çünki bu fənlər tələbələrin intellektinin, dünyagörüşünün artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Dil öyrənmək imkanlarını asanlaşdırır. Məsələn, əsas ixtisas alman dili olan tələbə tədris prosesində Azərbaycan multikulturalizmi fənni ilə müqayisələr apararaq Götenin "Şərq-Qərb" divanı,  fransız dili üzrə təhsil alan tələbə Aleksandr Dümanın "Qafqaz" səyahətnaməsi, Volter, Bodler və başqa fransız yazıçı və mütəfəkkirlərinin bir çox əsəri, o cümlədən, ingilis dili üzrə təhsil alan tələbə Nizami Gəncəvinin multikultural görüşləri yanında Şekspirin, tolerantlığa dair ilk traktat yazan ingilis filosof Con Lokun yazdıqları bu və ya digər dünyagörüşləri ilə tanış olur, mütaliə dairəsini genişləndirir. Məhz Azərbaycan multikulturalizminin tədrisindəki bu məzmun və mahiyyət müxtəlif dillər üzrə təhsil alan tələbələrin dili öyrənməsinə və qavramasına, eyni zamanda, dil vasitəsilə müxtəlif mədəniyyətləri dərindən anlama qabiliyyətlərini inkişaf etdirmələrinə səbəb olur. Bu Azərbaycan multikulturalizminin təhsil vasitəsilə həm qlobal arenada, həm də ölkə daxilində komparativ zəfərindən xəbər verir. Bu tədris prosesində tələbə öyrəndiyi dil vasitəsilə Azərbaycan multikulturalizminin ədəbi-bədii, elmi-fəlsəfi, ictimai-publisistik və siyasi-hüquqi qaynaqlarını, o cümlədən, Azərbaycan multikulturalizm modeli ilə dünya ölkələrinin multikulturalizm modellərini tanıma və müqayisəli şəkildə öyrənmə fürsətini əldə edir. Müasir dövrdə elmi sahədə üstünlük verilən interdisiplinar metodla mənimsənilən "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənləri tələbə və müəllimin də tədris prosesindəki inteqrativ münasibətlərinə təsir edir. Belə ki, müəllim multikulturalizmlə bağlı müxtəlif etnik-konfessional məsələləri slayd şəklində, yaxud bu mövzularda çəkilən sənədli filmlər vasitəsilə tələbələrə aşılayır. Eyni zamanda, tələbələr də interaktiv şəkildə bu prosesdə fəal iştirak edirlər.

Yuxarıda qeyd etdiyim məqamların əksər hissəsi humanitar sahə üzrə təhsil alan tələbələrə aiddir. Bu kontekstdə qeyd etməliyəm ki, texniki sahə üzrə tədrislə məşğul olan ali təhsil müəssisələrində də "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənləri tədris olunur. Bu istiqamətdə tədrisin aparılmasında sözsüz ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullanın əvəzsiz rolu və zəhməti var. Kamal müəllim bu fənlərin texniki ali təhsil müəssisələrində tədrisinə ilk başdan xüsusi önəm verərək humanitar sahədə təhsil alan tələbədən daha çox texniki sahədə təhsil alan tələbənin Azərbaycan multikulturalizminə ciddi şəkildə ehtiyacı olduğunu diqqətə çatdırıb. Humanitar fənn üzrə təhsil alan tələbə tədris prosesinin məzmun və mahiyyəti çərçivəsində Azərbaycan multikulturalizmindən xəbərdar olur. Ancaq texniki sahədə təhsil alan tələbəyə bütövlükdə Azərbaycan multikulturalizmi, o cümlədən, Azərbaycançılıq məfkurəsi perspektivindən danışılması yaşadığımız multikultural mühit və dövlət strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu zaman tələbə mənsub olduğu mədəniyyəti multikulturalizm kontekstində dəyərləndirmə qabiliyyətinə malik olur.

Müasir dövrdə elmi ədəbiyyatda "iki mədəniyyətin" mövcud olduğu qeyd edilir; humanitar və texniki mədəniyyət növləri. Nano texnologiya, süni intellekt və robotlaşdırılmanın sürətlə yayılması humanitar, daha doğrusu, etik məsələlərin  aktuallığından xəbər verir. Digər tərəfdən, identifikasiya, lokal kimliklərin və dəyərlərin geniş müstəvidə yayılması eyni zamanda, texniki sahədəki təhsil müəssisələrinin pedoqoji sistemlərində də əhəmiyyət kəsb edir. Bu baxımdan həm humanitar, həm də texniki sahələrdə interdisiplinar mənada multikultural dəyərlərin inteqrativ əlaqələri yaranır. Bütövlükdə Azərbaycan multikulturalizmi hər iki sahədə təhsil alan tələbələr üçün dünyagörüşlərinin xüsusilə Azərbaycançılıq məfkurəsi işığında formalaşması üçün ciddi baza rolunu oynayır. Yeri gəlmişkən qeyd etməliyəm ki, bu fənlərin tədrisi üçün BBMM tərəfindən hazırlanan Azərbaycan multikulturalizmi dərsliyi bu boşluğu mükəmməl şəkildə doldurmaqdadır.

Yuxarıda qeyd etdiyim məqamları real faktlarla ortaya qoymaq üçün "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərini tədris edən ixtisaslı müəllimlərin fikirlərinə istinad etmək zərurəti yaranır.

Azərbaycan Dillər Universitetində bu fənni tədris edən Jalə Əsədovaya görə, "xarici dil müəllimliyi ixtisasına yiyələnməyə çalışan bir tələbə üçün bu fənn müxtəlif xalqlar, millətlər, multikultural  cəmiyyətlər və tolerantlıq şəraitində birgəyaşama fəlsəfəsi haqqında ciddi elmi biliklər təqdim edir. Məhz bu istiqamət dil öyrənilməsində tələbənin mədəniyyət daşıyıcısı olaraq dili qavramasına kömək edir".

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında kompüter elmləri ixtisasında bu fənni tədris edən siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Canahgirli  öz mülahizələrini belə ifadə edir: "Qeyri-humanitar ixtisas üzrə  təhsil alan tələbələr humanitar sahəyə aid biliklərdə bir o qədər də məlumatlı deyillər. Məhz Azərbaycan multikulturalizmi fənninin tədrisi bu tələbələrə sistemili, kompleks şəkildə Azərbaycan tarixi, mədəniyyəti, dili və s. haqqında multikulturalizm aspektindən elmi bilikləri təqdim edir. Texniki sahə üzrə ixtisaslaşacaq tələbənin dünyagörüşü bu fənlərin tədrisi sayəsində daha geniş şəkildə formalaşacaq".

Nəticədə "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin ali təhsil müəssisələrində tədrisi dövlət siyasəti və həyat tərzi olaraq daima əhəmiyyət kəsb edir. "Etnoqrafiya muzeyi" adlandırılan Azərbaycanın həm lokal, həm qlobal arenada multikulturalizmin Azərbaycan modelini təbliğ və təşviq etməsi üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin çoxşaxəli fəaliyyəti bu istiqamətdə də olduqca aktualdır.

Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Analitika şöbəsinin müdiri