Multikulturalizm Mərkəzi treninqlər keçirib

Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə 2019-cu ilin sentyabr ayından etibarən, ölkəmizin bütün ali təhsil ocaqlarının bakalavr səviyyəsində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədi ilə, ildə iki dəfə treninqlər təşkil olunur. 18 noyabr - 16 dekabr tarixlərində keçirilən növbəti treninqdə Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Odlar Yurdu kolleci, Bakı Biznes Kooperasiya kolleci, Sumqayıt Musiqi kolleci və Qərbi Kaspi kollecindən ümumilikdə 32 müəllim iştirak edib.
Treninqlər çərçivəsində Azərbaycan Respublikası Dini Qrumlarla İş üzrə Dövlət Komitəsnin sədr müavini Gündüz İsmayılov, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Tarix Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Əli Fərhadov, BBMM-in Analitika şöbəsinin mütəxəssisi Fəxri Uğurlu, Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının İdarə Heyətinin üzvü Rəhim Rəhimov, BBMM-nin Tədris şöbəsinin əməkdaşı Tahirə Ələsgərova, BBMM-nin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin əməkdaşları Billurə Aslanova və Şahnaz Abdullayeva mühazirə oxuyublar. İştirakçılara “Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti, multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları, zərdüştilik, yəhudilik, buddizm, konfutsiçilik, daosizm, sintoizm, hinduizm, çaynizm, xristianlıq, islam, qədim türk inancları, multikulturalizm və media, etnik müxtəliflik və milli ideya, müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi, multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi, etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX) və digər mövzularda mühazirələr təqdim edilib. Daha sonra qeyd olunan mövzulara dair mühazirə materialları müəllimlərə göndərilib. Treninqlər zamanı geniş diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.

Etiketlər