Koreyanın İNHA Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirələr dinlənilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Koreyanın İNHA Universiteti ilə imzaladığı əməkdaşlıq müqaviləsinə əsasən, İNHA Universitetində “Multikulturalizm və interkulturalizm” kursu çərçivəsində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Kursa magistr, fəlsəfə doktoru və yerli mütəxəssislər dinləyici kimi cəlb olunublar. Kurs iştirakçılarına İNHA Universitetinin professoru Yünsub Oh və doktorant Leyla Məsimli multikulturalizmin Azərbaycan modeli haqqında mühazirələr oxuyublar.
Azərbaycan Multikulturalizmini öyrənən koreyalı tələbələrin Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi çərçivəsində Azərbaycana gəlməsi də planlaşdırılır.
Qeyd edək ki, İNHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. Reytinqə görə Cənubi Koreyada 189 universitet arasında 8-ci yerdə olan İNHA Universitetinin dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri var. 20 mindən çox tələbəsi olan universitetdə müxtəlif tədqiqatlar aparılır.
Xatırladaq ki, “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini BBMM 2015-ci ildən həyata keçirir. Hazırda bu layihə çərçivəsində dünyanın 26 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.