2019-cu ilin 27-28 sentyabr tarixlərində Albaniyanın paytaxtı Tiranada "Diasporun elmi cəhətdən araşdırılmasının Vətənin öyrənilməsində rolu" mövzusunda konfrans keçirildi
Konfransın açılışı 27 sentyabr 2019-cu il tarixində, səhər saatlarında "Tirana International Hotel"də baş tutdu. Konfransı Albaniyanın Diaspor naziri Mayko Pandeli açdı. Açılış mərasimində və plenar iclasında dövlət idarəetmə orqanlarının, nazirlik və müəssisələrin təmsilçiləri, Albaniyanın diaspor və elm müəssisələrinin nümayəndələri, KİV və diplomatik korpusun nümayəndələri iştirak etdi. Konfrans Albaniyanın Diaspor Nazirliyi və Diaspor Fondu tərəfindən təşkil edilib. Konfransda Avropanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan olan alim və tədqiqatçılar məruzə ilə çıxış etdi. Konfransa dəvət və konfransda iştirak etməyə göstərdiyi dəstəklə bağlı Albaniyanın Diaspor naziri Mayko Pandeli, Nazirlər Kabinetinin direktoru Elona Bano və Albaniyanın Xarkovdakı fəxri konsulu Şahin Omarovun rolunu xüsusi olaraq qeyd etmək lazımdır. Azərbaycandakı alban-udin xristian icmasının sədri, Bakı Dövlət Universitetinin böyük elmi işçisi Robert Mobili "Azərbaycan multikulturalizmi udin xristian icmasının modelində: tarix, müasir dövr və paralellər" mövzusunda məruzə ilə çıxış etdi. Kommunist rejiminin süqutundan sonra Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdə alban-udinlərin tolerant mühitin, dövlət dəstəyi və köməyinin sayəsində dini ənənələrini yenidən dirçəldə bilməsi xüsusi olaraq vurğulandı. Günümüzdə alban-udinlərin ənənələri və xristian irsi bərpa olunur. Alban Apostol Avtokefal (Müstəqil) Kilsəsinin tarixi vətənində statusunun bərpa olması ilə tarixi ədalət öz yerini tapır. Tirana, 27-28 sentyabr 2019-cu il