Rumıniyanın Yassı Universitetində “Azərbaycan - Xəzər dənizinin sahilində cənnət” mövzusunda dəyirmi masa keçirilib

Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzində “Azərbaycan - Xəzər dənizinin sahilində cənnət” mövzusunda dəyirmi masa keçirilib.
Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetinin yaranmasının 163-cü ildönümünə həsr olunan tədbirlər çərçivəsində Azərbaycan Multikulturalizm Mərkəzi və universitetin Slavyanşünaslıq kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Multikulturalizmi Mərkəzinin direktoru, dosent Lyudmila Bejenaru “Azərbaycan və Rumıniya: dostluq, dialoq və etimad münasibətləri səhifələri” adlı məruzə ilə çıxış edib. Lyudmila Bejenaru məruzəsində vurğulayıb ki, qloballaşan dünyada Rumıniya və Azərbaycan Respublikaları dost ölkələr və yaxın iqtisadi tərəfdaşlar hesab olunurlar. İki xalq - rumın və azərbaycanlılar əsrlərdir bir-biri ilə dostluq və mehriban münasibətlər saxlayırlar. Məruzəçi diqqətə çatdırıb ki, ölkələrimiz arasında müasir münasibətlər 90-cı illərin əvvəllərinə təsadüf edir. 1992-ci ildə iki dövlət arasında diplomatik əlaqələr qurulub. 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlib. Heydər Əliyev isə Azərbaycan tarixində Rumıniyaya rəsmi səfər etmiş ilk prezident olub. 
Lyudmila Bejenaru Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin fəaliyyətindən, universitetdə “Azərbaycan Multikulturalizmi” fənninin tədrisindən də bəhs edib. Məlumat verib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycanın və xarici ölkələrin ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Yassı Universitetinin “Slavyanşünaslıq” kafedrasında 2017-2018-ci tədris ilində “Azərbaycan multikulturalizmi” kursu açılıb. 2017-ci ildən 2023-cü ilə qədər Kursda 100-ə yaxın tələbə iştirak edib. Dərslər çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə birgə üç videokörpü keçirilib, kurs iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi 4 konfrans və görüşdə iştirak ediblər. Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Rumın Dili və Mədəniyyəti Mərkəzinin tələbələri ilə birgə seminarlar və laboratoriya məşğələləri keçirilib. Azərbaycanlı tələbələr rumın mövzularında, rumıniyalı tələbələr isə Azərbaycan mədəniyyəti və sivilizasiyasına dair layihələr təqdim ediblər. Həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərində Yassı Universitetinin 8 tələbəsi iştirak edib.
Yassı Universitetinin Slavyanşünaslıq kafedrasının müdiri professor Leonte İvanov dialoq, əməkdaşlıq və tərəfdaşlığın ölkələrimiz arasında əlaqələrin əsas istiqaməti olduğunu bildirib. “Azərbaycan multikulturalizmi” fənninin dünyanın hər yerindən olan tələbələr arasında dialoq üçün güclü platforma olduğunu qeyd edib.
Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinin iştirakçıları Dumitru Prisakaru və Yekaterina Bordeyanu Azərbaycanla bağlı xatirələrini bölüşüblər. Qeyd ediblər ki, Azərbaycanda yaşayan hər bir etnik qrupun bərabər hüquqlarının təmin edilməsi üçün dövlət səviyyəsində səy göstərilir.

Etiketlər