VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar

 

Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adı altında baş tutan VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov xalqımızın tolerantlıq ənənələrindən, bu sahədə dövlət siyasətindən, eləcə də Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən söz açıb.

Gündüz İsmayılov bildirib ki, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri – müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayır. Azərbaycanda yüzlərlə müsəlman və onlarla qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını qeyd edən sədr müavini bütün dinlər və dini qurumların qanun qarşısında bərabər olduğunu deyib. Vurğulayıb ki, heç bir din, eləcə də dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Gündüz İsmayılov bu baxımdan ölkəmizdəki dinlərarası harmoniyanın dünyada az rast gəlinən tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Dini dözümlülüyün başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzi olduğunu deyən sədr müavini bildirib ki, tolerantlıq xalqımıza görə mədəniyyət və mənəviyyat məsələsidir. O, ölkəmizdə tarixən mövcud olan bu cür yüksək mənəvi mühitin qorunub saxlanılmasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən nümunəvi dövlət-din münasibətlərinin mühüm rolu olduğunu diqqətə çatdırıb.

Təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışan sədr müavini DQİDK-nın hökumətin din siyasətini həyata keçirdiyini, dini qurumların dövlət qeydiyyatına alınması, onlara lazımi köməkliyin göstərilməsi, müvafiq icra hakimiyyəti orqanları ilə dini qurumlar arasında vasitəçilik kimi işləri həyata keçirdiyini qeyd edib.

Gündüz İsmayılov dinə dövlət dəstəyinin təzahürü olaraq, Dövlət Komitəsinin tabeliyində yaradılan qurumlardan da danışıb. Bildirib ki, Mənəvi Dəyərlərin Fondu hazırda 1068 din xadiminə maddi yardım göstərir. Əlavə edib ki, qeyri-müsəlman dini icmalara da hər il dövlət tərəfindən maddi dəstək göstərilir. Sədr müavini Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, xristian və yəhudi dini üzrə də mütəxəssislərin hazırlanacağını vurğulayıb.

Tələbələri Azərbaycan həqiqətləri barədə məlumatlandıran sədr müavini işğal edilmiş ərazilərdə olan onlarla alban abidəsinin qriqoryanlaşdırıldığını və dağıdıldığını, məscidlərin erməni vandalizminə məruz qaldığını qeyd edib. Bütün bunlara baxmayaraq, sədr müavini Bakının mərkəzində erməni kilsəsinin qorunub-saxlanıldığını diqqətə çatdırıb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

Запись VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.