Xocalı soyqırımı qurbanlarının xatirəsi Xorvatiyada da anılıb
Zaqreb, 27 fevral
Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Zaqreb şəhərinin “Tərəqqi” Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anma tədbiri keçirilib.
Tədbirdə Xorvatiya parlamentinin üzvü J.Kaytazi, Xarici və Avropa İşləri Nazirliyinin əməkdaşları, Xorvatiyadakı Qaraçı Birliyi “Kali Sara” təşkilatının rəhbərlər üzvləri, Xorvatiya müsəlman icmasının nümayəndələri, Xorvatiyada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Azərbaycanın Xorvatiyada səfiri Fəxrəddin Qurbanov Xocalı faciəsi barədə məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini deyib. Səfir vurğulayıb ki, Xocalının mülki əhalisi, sadəcə, azərbaycanlı olduqları üçün məqsədli şəkildə soyqırımına məruz qaldı. Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını ayrıca və təsadüfi hərəkət olmayıb, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olub.
Diplomat məlumat verib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Səfir 15-dən çox dövlətin milli qanunvericilik orqanının Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini bildirib.
Daha sonra Xorvatiya Gənc Müsəlmanlar Assosiasiyasının prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinin iştirakçısı İmran Srebrenikoviç çıxış edib. O, Azərbaycanda mövcud multikulturalizm və tolerantlıq ənənələri barədə məlumat verib.
Xocalıda törədilmiş soyqırımın insan hüquqları və beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması olduğunu bildirən İmran Srebrenikoviç Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olan bu soyqırımın beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasının vacibliyini vurğulayıb.
Tədbirdə xorvat dilinə tərcümə edilmiş “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş olunub.