Ali məktəblərdə multikulturalizm fənninin tədrisi monitorinq edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Tədris şöbəsi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində tədris edilən “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin monitorinqi aparılıb. Monitorinqlərin keçirilməsində məqsəd tələbələrin bilik və bacarıqlarının səviyyəsi müəyyənləşdirməkdir. Tələbələr arasında bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədi ilə sorğu keçirilib. Monitorinqlərin ilkin mərhələsi Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Avrasiya Universitetində təşkil edilib. Monitorinqlər BBMM-in əməkdaşları Şəmşad Əlizadə, Tahirə Məmmədzadə, Elnur Qasımov və Şahnaz Abdullayeva tərəfindən aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkədaxili bütün ali təhsil məktəblərində “Multikulturalizmə giriş” fənni bakalavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilib. Daha sonra isə humanitar fənnlər blokunda əsas fənn olaraq qalsa da, texniki fənnlər blokunda seçmə fənn kimi təklif olunur. 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 24 aparıcı universitetində bu fənn tədris olunur.
“Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək şəxslərin hazırlanması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ildə iki dəfə treninqlər təşkil edilir. Treninqləri uğurla bitirən müəllimlərə sertifikatlar verilir.
2015-ci ildən Mərkəz tərəfindən mütəmadi olaraq “Multikulturalizmə giriş” fənninin tədrisi üzrə monitorinqlər aparılır.