Azərbaycandakı polyaklar

Azərbaycanla Polşa arasında ilk diplomatik əlaqələr 1472-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir Yaqelonçikin dövründə qurulmuşdur. Azərbaycana ilk polyaklar hələ XIII əsrdə gəlməyə başlamışlar. Onlar bura könüllü vəya hərbi əsir kimi gəlmişlər. XVII əsrdə polyak missionerləri Pol Vraçinski, Endjey Zelonatski və Aleksandr Kulyoşa Gəncəyə səfər etmişlər. Onlar şah sarayına İncilin əlyazmasını hədiyyə edərək, iki xalqın əməkdaşlığı məsələsinə diqqət  çəkmişlər.  XIX əsrdən Azərbaycan həm də Polşa səyahətçilərinin, romantik üslubda yazan şairlərin  maraq dairəsində olmuşdur. Polyakların Azərbaycana planlı surətdə köçü isə 1772-ci ildə Reç Pospolitanın birinci bölüşdürülməsindən sonra baş vermişdir. Qafqaz da Sibir kimi, polyakların əsas sürgün olduğu yerlərdən biri idi.  Qiyamçı polyakların  gücünü zəiflətmək məqsədi ilə Rusiya imperiyası  onları imperiyanın müxtəlif ərazilərinə o, cümlədən Qafqaza sürgün etmişdir. 1813-cü ildə Qafqaza 10.000 polyak əsiri göndərilmişdir. Onların əksəriyyəti Napoleon ordusunun Polşa legionuna daxil idilər. 1831-ci ildə uğursuzluqla  nəticələnən Noyabr üsyanından sonra qiyamçılardan ibarət növbəti polyak dəstələri Azərbaycana gəlmişdir. Onların əsas hərbi məntəqələri Qubada, Qusarda, Şamaxıda, Gəncədə, Zaqatalada və Bakıda yerləşirdi. Polyakların ikinci böyük dəstəsi Qafqaza 1863-cü ildə Yanvar üsyanından sonra gəlmişdir. XX əsrin əvvəllərində Qafqaza 17 264 nəfər polyak sürgün edilmişdir. Onlardan bir çoxu ciddi nəzarət altında Zaqatalada və Nargin adasında hərbi düşərgələrdə saxlanılırdılar. 

Polyakların Azərbaycana növbəti axını XIX əsrdəki “neft partlması” və onun ardınca şəhərin gur inkişafı ilə əlaqədar idi. Bu dövrdə mühəndislərə, müəllimlərə, həkimlərə, memarlara tələbat artdığından Rusiya imperiyasının hər yerindən Bakıya böyük işçi qüvvəsinin axını müşahidə edilirdi. Onların arasında polyaklar da az deyildi. Bakıya gələn polyak ziyalıları şəhərin ictimai, mədəni həyatında fəal iştirak edirdilər. Onlardan  biri Bakı neft sənayesinin ilk mütəxəssislərindən olan Pavel Pototski və Vitold Zqlenitski olmuşlar. Polyak mühəndisləri V.Zqlenitski və P.Pototski Azərbaycan neft sənayesinin inkişafına  böyük töhfə vermişlər. XX əsrin əvvəllərində P.Pototski Sankt-Peterburqdan Bakıya dəvət olunmuşdu. O, burda Bibi Heybət buxtasını doldurmaq işinə rəhbərlik edirdi. Onun mühəndislik məharəti sayəsində dənizin bir hissəsi mənimsənilərək neft hasilatına başlanılmışdır. Həmin illərdə Bakıda olan böyük rus yazıçısı M.Qorkiy onun barəsində yazırdı:” tamamilə kor olmasına baxmayaraq, o, Bibi Heybət buxtasını elə yaxşı tanıyırdı ki, xəritədə işlərin harada başlandığını səhvsiz göstərirdi”. 70-ci illərdə “İliç buxtası” adlı bədii filmin rejissoru olan Eldar Quliyev də Pototskinin bu qeyri-adi istedadından bəhs etmişdir. 2005-ci il noyabrın 9-da Polşa səfirliyi və Dövlət Neft şirkətinin birgə təşəbbüsü ilə Bibi Heybətdə öz vəsiyyəti ilə dəfn edilən Pototskinin məzarı üzərində xatirə lövhəsi qoyulmuşdur. Lövhədə bu sözlər yazılmışdır: “Pavel Pototski Bibi Heybət buxtasını doldurmaq yolu ilə ilk dəfə Xəzər dənizinin dibindən neft hasil etmək ideyasını həyata keçirmişdir.”

V.Zqlenitski dənizdə neft hasilatının pioneri sayılırdı. Onun təşəbbüsü ilə Bakıya su xətti çəkilmişdir. Geologiya sahəsində çoxlu elmi əsərlərin müəllifi olan Zqlenitski həm də Rus İmperator Texniki cəmiyyətinin Bakı filialının kitabxanasına yardım edirdi. Zqlenitski dəniz dibindən neft hasil etmək üçün xüsusi qurğu hazırlasa da, Dağ departamenti onun bu kəşfini layiqincə qiymətləndirməmişdir. Qurğudan, alimin ölümündən sonra, 1923-cü ildə istifadə edilməyə başlanmışdı. Zqlenitski neft sənayesinin inkişafına böyük töhfələr vermişdir. Onun tərəfindən Bakıətrafı ərazilərdə 165 zəngin neft yatağı aşkar edilmişdir. 1904-cü ildə vəfat edən alim öz əmlakını elmin, maarifin inkişafı işinə vəsiyyət etmişdir. Buna görə onu “polyak Nobeli” adlandırmışlar.

          Polyak memarları Qoslavski, Ploşko, Skureviç, Skibinski və başqaları tərəfindən Bakıda bir çox görkəmli binalar – Bakı meriyasının binası, İsmailiyyə, Bakı Qadınlar gimnaziyasının binası, indiki Kukla teatrı, Tağıyevin evi, Muxtarovun evi (Səadət sarayı), Nağıyevin evi,  müsəlman qadınlarının məktəb binası, bir neçə məscid və xüsusi evlər tikilmişdir. Polyaklar üçün Bakı ikinci vətən idi. 1889-cu ildə Bakı qubernatorluğunda 10 polyak çalışırdı. XIX əsrin II yarısında Bakının gur inkişafı yeni tikinti partlayışına, memarlığın inkişafına və şəhərin yeni rayonlarının meydana gəlməsinə səbəb olmuşdur. Məhz bu dövrdə İ.Qoslavski, İ.Ploşko, Y.Skibinski, K.Skureviç  kimi polyak memarları nəslinin istedadı üzə çıxmışdır.

Azərbaycanda 1918-1920-ci illərdə Şərqin ilk demokratik respublikasının qurulmasında və möhkəmlənməsində Polşa tatarlarının da mühüm rolu olmuşdu. Onların arasında 1919-cu ilin martından 1920-ci ilin aprelinə - Azərbaycanın bolşeviklər tərəfindən işğalına qədər Azərbaycan ordusunun Baş Qərargah rəisi vəzifəsində işləmiş general-leytenant Masey Sulkeviç (1865-1920), Nazirlər Şurası dəftərxanasının rəisi, publisist və tarixçi Leon Kriçinski (1887-1939), onun qardaşı, Ədliyyə Nazirinin müavini Olgerd Kriçinski (1885-1939) və başqalarının fəaliyyəti diqqəti cəlb edirdi. Ümumilikdə isə, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi və dövlət strukturlarında 20 nəfərə qədər Polşa tatarı çalışırdı. Eləcə də Azərbaycan Parlamentində polyak deputatı Stanislav Vonsoviç təmsil olunmuşdur. S.Vonsoviç öz çıxışlarında həmişə Azərbaycan dövlətçiliyini, Müsavatın möqeyini müdafiə etmişdir. 1919-cu ildə hərbi nazir Səmədbəy Mehmandarovun əmri ilə Ümumi Qərargah rəisi təyin edilən Sulkeviç milli ordu quruculuğunda misilsiz xidmətlər göstərmişdi. 1918-ci ildə Bakının rus ordusundan azad edilməsində polyak kapitanı Xarkeviç, polkovnikləri  Dunin-Marçinkeviç, Dzevulski və Snetlovski göstərdikləri şücaətə görə  türk ordenləri ilə təltif edilmişlər.

Qeyd edək ki, çar hökümətinin Azərbaycanda yürütdüyü siyasət milli kadrların dövlət postlarında işləməsini qeyri-mümkün etdiyindən həmin yerlərə qeyri-azərbaycanlılar və o cümlədən, polyaklar cəlb edilmişdi. 1913-cü ildə Bakıda dövlət qulluqçularının 52,2%-ni polyaklar təşkil edirdi. Eləcə də AXC dövründə dövlət və hərbi strukturunda 20-dək polyak tatarı çalışırdı. Topçubaşov və polyak Ledinski  Dumada xüsusi qrup yaradaraq Rusiya imperiyası daxilində Polşa və Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparırdılar. M.Ə.Rəsulzadə polyak dilində nəşr etdirdiyi “Azərbaycan müstəqillik uğrunda mübarizədə” adlı kitabında respublikanın dövlət quruculuğunda fəal iştirak edən polyakların adlarını çəkmişdir.

M.Ə.Rəsulzadə, həmçinin əsərində  qeyd edirdi ki, azərbaycanlılar Polşanın ən cəsur oğullarının Şamilin qəhrəmanlıq mübarizəsi ilə maraqlandıqları dövrü həmişə xatırlayırlar. Məlum olduğu kimi, həmin dövrdə polyaklar Şamilin azadlıq mübarizəsinə artilleriya və topla kömək edirdilər. Polyak polkovnik Teofil Lapinskinin 200 nəfərlik dəstəsi üç il Qafqazın azadlığı uğrunda mübarizə aparmışdı.

Polyaklar Azərbaycanın müxtəlif bölgələrində bolşeviklərə qarşı aparılan mübarizədə də əsl fədakarlıq göstərmişlər. Polyak zabitlərindən Z.Dunin-Martsinkeviç, kapitan Y.Klossovski, kapitan Çarnetski, kapitan Pavlovski, kapitan Tomişin və başqaları Gəncədə bolşeviklərə qarşı silahlı müqavimətin təşkilində xüsusi fərqlənmişdilər. Eləcə də Müsüslü, Hacıqabul, Kürdəmir və Ələtdə gedən döyüşlərdə əldə edilən uğurlarda polyakların başçılıq etdiyi Azərbaycan artilleriyasının xüsusi rolu olmuşdu. 1918-ci il sentyabrın 15-də Bakının türk qoşunlarının köməyi ilə düşmənlərdən azad edilməsində də bu artilleriyanın fəallığı olmuşdu. Buna görə türk zabitləri başda Nuru Paşa olmaqla belə fikir söyləmişdilər: "Türk piyadası Azərbaycan artilleriyasına söykənib hər şeyi edə bilər". Türklər Mudros müqaviləsinə əsasən Azərbaycan ərazisini tərk edib getdikdən sonra polyaklar milli ordu quruculuğuna böyük dəstək vermişlər.

          Polşa dövləti Versal sülh konfransında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Eləcə də Azərbaycanın beynalxalq dövlətlərə tanınmasın-da da polyakların böyük dəstəyi olmuşdur. Polyaklar  həmçinin, XX əsrin 20-ci illərində Azərbaycanın bolşevik təcavüzünə qarşı mübarizəsini dəstəkləmişdilər.  1920-ci ildə Azərbaycanın sovet Rusiyası tərəfindən təcavüzünə qarşı Gəncədə baş verən üsyanda və qanlı döyüşlərdə polyak zabiti Stankeviç şəhid olmuşdu. Görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə Polşanın Azərbaycana rəğbətinin səbəblərini belə izah eləmişdi: “Azərbaycanın Qafqaz xalqlarına mənsubluğu, ölkədə yerli türk əhalisinin çoxluğu və nəhayət, Azərbaycan xalqının rus imperializmi tərəfindən əzilməsi”.  Polyakların azərbaycanlılara rəğbətini belə bir fakt da təsdiq edirdi ki, milli mətbuatımızın ilk qaranquşu olan “Əkinçi” qəzetinə polyak əsilli Bkı qubernatoru Staroselski xeyirxahlıqla yanaşaraq ona lazımi köməklik  göstərmişdi. Polşanın və onun vətəndaşlarının türklərə olan hüsn-rəğbətinin bir səbəbi də o idi ki, Türkiyə dövləti Polşanın bölünməsi faktını tanımamışdır.

Vətənlərindən uzaqda yaşayan polyaklar bir-birilərini dəstəkləyərək polyak neft maqnatı S.Rılskinin ərafında birləşmişdilər. Sahibkar tərəfindən yaradılmış “Polşa Komitəsi” Polşadan olan qaçqınlara yardım göstərirdi. Cəmiyyətin sədri Rılski özü idi. Cəmiyyətin binası memar Ploşko tərəfindən Məmmədəliyev küçəsində inşa edilmişdir.

Bu dövrdə Polşa-Azərbaycan ədəbi əlaqələri yazıçıların, şairlərin əsərlərində inkişaf etdirilirdi. Belə ki, Polşa yazıçısı S.Strumif-Voytekviç Bakıda yaşamış polyakların həyatından bəhs edən "Mənim Bakıya qayıdışım" romanını, Stefan Jeromski isə polyakların demokratik respublika dövründəki həyatından bəhs edən "Baharın sonu" əsərini yazmışlar. Məşhur polyak şərqşünası Vladislav Kostyuşski  1858-ci ildə çap edilmiş məqalələrində məşhur alim və şair Mirzə Kazım bəy haqqında maraqlı məlumatlar verərək göstərmişdi ki, Mirzə Kazım bəy 18 il Polşada yaşamış və polyak dilini əsaslı şəkildə öyrənmiş, Varşavaya gözəl şeirlər həsr etmişdi. Mirzə Kazım bəyin poetik nümunələri içərisində polyak dilində dini mövzuda yazdığı bir neçə şeir də var. Azərbaycan şairi Məhəmməd Hadinin də yaradıcılığında Polşa haqqında şeirlər vardır.

Birinci dünya müharibəsinin ilk illərində “Polşa krallığının müharibədən əziyyət çəkən əhalisinə yardım üzrə Bakı polyak komitəsi”  yaradılmışdır. Bu komitənin yaradılması Bakıya polyak qaçqınlarının gəlməsi ilə bağlı idi. Bütün polyak cəmiyyətləri “Bakı polyak cəmiyyətlərinin Şurası”nda birləşmişlər.

Ölkə xaricində olan polyakları həm də xristian dini birləşdirirdi. Ilk belə cəmiyyət 1902-ci ildə Bakıda yaradılan Roma-katolik cəmiyyəti idi. Polyakların ən böyük arzularından biri Azərbaycanda katolik kilsəsinin tikilməsi idi. Bakıda Polşa diasporunun dəstəyi ilə hökümət tərəfindən Müqəddəs Məryəm məbədi tikilmişdi. Həmin məbəd əhali tərəfindən Polşa məbədi adlandırılırdı. Lakin məbəd 1931-ci ildə, Stalin dövründə dağıdılmış, məbədin pastoru Demurov ata isə repressiya qurbanı olaraq güllələnmişdi. SSRİ-nin dağılmasından sonra məbəd yenidən bərpa edilmişdir. Polyaklar Qusarda da kilsə tikmişlər. Kilsənin binası hələ də qalmaqdadır. Həmin kilsə də əhali tərəfindən “Polşa kilsəsi” kimi tanınır. 2001-ci ildə Bakıda Xilaskar Məsih ibadətgahı tikilmişdir. Roma papası II İohan Pavelin 2002-ci ilin mayında Bakıya səfəri zamanı Azərbaycan Prezidenti  Heydər Əliyev katolik icmasına kilsə tikmək üçün torpaq sahəsi vermişdi. 2008-ci ildə Deva Mariya  məbədinin təmtaraqlı açılışında ölkə prezidenti İlham Əliyev də iştirak etmişdir.

Azərbaycanda polyakların ilk ictimai təşkilatları hələ XX əsrin əvvəllərində Bakıda yaradılmışdır. Bunlar “Fokus”, “Polşa evi”, Polşa xeyriyyə cəmiyyəti, Polşa qarşılıqlı yardım cəmiyyəti və s. idi. 1903-cü ildə polyaklar “Roma katolik xeyriyyə cəmiyyətini” təsis etmişlər. Cəmiyyətin nəzdində kitabxana və məktəb fəaliyyət göstərirdi. Eyni zamanda, 1909-cu ildə Bakıda “Polşa evi” də fəaliyyət göstərirdi. Burada əsasən mədəni tədbirlər həyata keçirilirdi. 1907-1908-ci illərdə onlar “Faris” jurnalını dərc etdirirlər. Qəzetin redaktoru Voyniloviç idi. XX əsrin əvvəllərində Azərbaycanda çıxan “Kaspi”, “Təzə həyat”, “Molla Nəsrəddin”, “Açıq söz”, “Sovqat” kimi qəzet və jurnallarda Polşa və polyaklar haqqında yazılar çap edilirdi. M.Ə.Rəsulzadənin redaktorluğu ilə çap edilən "Açıq söz" qəzetinin 1917-ci ilin 24 yanvar tarixli sayında isə Bakıda Henrix Senkeviçin xatirəsinə həsr edilmiş tədbir haqqında məlumat verilmişdi. O zaman Azərbaycanda yaşayan polyakların sayı hələ kifayət qədər çox idi. Lakin Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra  çoxlu sayda polyak ölkəni tərk etmişdir. Bütün milli təşkilatlar kimi, polyak cəmiyyətlərinin fəaliyyəti də qadağan edilmişdir. Polyak mənşəli əhali öz vətəndaşlıqlarını dəyişmişlər. 1991-ci ildə “Polonium” cəmiyyəti yaradılmışdır. 2000-ci ildə Ofilom İsmailov (Kulçitski) ilk dəfə Polşa cəmiyyətinin yaradılması ideyasını irəli sürmüşdü. Cəmiyyət 16 nəfərdən ibarət idi, onun sədri Yelena Tir seçilmişdi. Lakin Polşa cəmiyyətləri orqanlarının rəhbərliyinin passivliyi üzündən iclasın qərarı Ədliyyə Nazirliyində öz hüquqi qüvvəsini itirmişdi, belə ki, mövcud qanunvericiliyə görə təşkilatın qeydiyyatdan keçirilməsi üçün sənədlər iclasın keçirildiyi tarixdən keçən bir ay ərzində nazirliyə təqdim edilməli idi. 2003-cü ildə “Poloniya-Azərbaycan” cəmiyyəti dövlət qeydiyyatından keçmişdir. 

Polyaklar Azərbaycanda elmin, iqtisadiyyatın, mədəniyyətin, təhsilin inkişafına da böyük töhfələr vermişlər. Azərbaycana gələn polyaklar arasında müəllimlər, həkimlər, alimlər, hərbi mühəndislər də var idi. 1919-cu ildə Bakı Dövlət Universitetinin əsası qoyularkən onun professor müəllim heyətinin arasında çoxlu polyak vardı. Onlardan tibb sahəsində - prof. Pol Zdrodovskini, prof. Uşinskini, Malinovskini, Rujanovskini, Berlatskini, Mizernitskini, Zamuxovskini, ictimai elmlər üzrə - prof. A.Makovelskini, V.Tomaşevskini, A.Selixanoviçi, M.Dombrovskini, M.Daunar-Zapolskini, P.Pilaşev-skini və başqalarını göstərmək olar. Bakı Politexnik İnstitutunun ilk rektoru da millliyyətcə polyak olan Nikolay Dombrovski olmuşdu. Stanislav Despot-Zenoviç 16 il (1878-1894) Bakı meri olmuşdur.

Məşhur polyak mənşəli violonçelist Leopold Rastropoviç və onun oğlu, dünya şöhrətli violonçelist Mstislav Rastropoviç də öz müsiqi karyeralarını Bakıda qurmuşlar. Onlarla yanaşı, Opera və Balet teatrının dirijoru Reqina Siroviç, məşhur caz musiqiçisi, fortepiano üzrə ən yaxşı dərsliyin müəllifi Bronislav Posadovski də Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr vermişlər.

Azərbaycana polyakların sayı məsələsinə gəldikdə, 1897-ci ildə Azərbaycanda yaşayan 2 193 polyakdan 519 nəfəri burada anadan olmuşdur. XIX əsrin sonlarında Azərbaycanda anadan olan uşaqların sayına görə, polyaklar ruslardan sonra ikinci yerdə gəlirdilər. Polyaklar yüksək savadları ilə seçilirdilər. 1990-cı illərdə Azərbaycanda polyakların sayı min nəfərə qədər olmuşdu. Hazırda Bakıda 2000 nəfər polyak yaşayır.

          Dövlət müstəqilliyi əldə edən Azərbaycanla Polşa arasında 21 fevral 1992-ci ildə diplomatik əlaqələr qurulmuşdur. 1998-ci ildə Bakıda Polşa səfirliyi açılmışdır. İkitərəfli iqtisadi əlaqələrin əsası Heydər Əliyev tərəfindən qoyulmuş, İlham Əliyevin və Lev Kaçins kinin dövründə isə daha da inkişaf etdirilmişdir. XX əsrin əvvəllərində ilk azərbaycanlı tələbələr Varşava universitetində təhsil almışlar. Bu ənənə bugün də davam etdirilir. Bakı Slavyan universitetində polonistika üzrə mütəxəssislər hazırlanır.

          2012-ci ildə Azərbaycanın Polşadakı səfirliyi ölkələrimiz arasında diplomatik əlaqələrin 540 illiyi münasibətilə xatirə nişanı buraxmış və onunla  bir çox polyak elm və mədəniyyət xadimləri təltif edilmişlər. Torunda yerləşən Kazimir Yaqelonçik adına məktəbdə bu hadisə ilə bağlı xatirə lövhəsi vurulmuşdur.

Adətən, dili və dini eyni olan xalqları qardaş xalqlar adlandırırlar. Azərbaycan və polyak xalqının dili və dini müxtəlif olsa da, onların tarixi taleləri bir olmuşdur. Birinci dünya müharibəsi illərində yaradılan ilk Müsəlman korpusunun komandiri olmuş, canını Azərbaycanın müstəqilliyi uğrunda qurban vermiş Masey Sulkeviçin,  1920-ci ildə bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra Gəncə şəhərində bolşeviklərə qarşı aparılan qanlı döyüşlərdə şəhid olan artilleriya zabiti polyak Stankeviçin və Polşanın müstəqilliyi uğrunda canından keçmiş Vəli Bəy Yadigarın tökdükləri qan bu iki xalqı bir-birinə qardaş etmişdir.

 

Sevda Xəlilova

Tarix elmləri üzrə fəlsəfə doktoru

Etiketlər