Nazim Mustafa: Qafqaz diyarının xəritəsində indiki Ermənistan ərazisi əhatə olunub
Təqdimatını keçirdiyimiz “Qafqaz diyarının xəritəsi - Tiflis, 1847-ci il” nəşrində 1847-ci ilin xəritəsi öz əksini tapıb və bu nəşrdə indiki Ermənistan ərazisi əhatə olunub. 1847-ci ildə Ermənistan dövləti yox idi. Ancaq bugünkü Ermənistan ərazisinə daxil olan yaşayış məntəqələrinin aqibətini biz xəritənin mətn hissəsində göstərmişik. Xəritədə indiki Ermənistan ərazisinə ozamankı Zəngəzur mahalı, Qazax qəzası, Borçalı mahalı və Qarsdan qatılan ərazilər haqqında da məlumatlar əks olunub. Eyni zamanda, həmin yaşayış məntəqələrinin ləğv olunması barədə informasiyaları və dəyişdirilmiş coğrafi adlarla bağlı koordinatları təqdim etdik.
Bu barədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, “Qafqaz diyarının xəritəsi - Tiflis, 1847-ci il” nəşrinin müəlliflərindən biri Nazim Mustafa məlumat verib.
Tariximizin öyrənilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan tarix üzrə fəlsəfə doktoru “Həqiqətin onomastikası” kitabının əhəmiyyətini qeyd edib. O, 1700 toponim, hidronim, aqronimin öz əksini tapdığı bu kitabın rus və ingilis dillərinə tərcümə olunduğunu diqqətə çatdırıb.
“Bizim siyahımıza əsasən xəritədəki 295 yaşayış məntəqəsi hazırda yoxdur. Halbuki həmin kəndlər 1847-ci ildə var idi. Biz xəritədə, həmçinin dağlar, dərələr, göllər haqqında da məlumat vermişik və onların dəyişdirilməsi prosesini izləmişik. Qeyd edim ki, bu 1847-ci il xəritəsi təkcə həmin ili əhatə etmir. Biz 1847-ci ildən bu günə qədər olan bütün tarixi prosesi izləmişik. Adı dəyişdirilən yaşayış məntəqələrinin siyahısını hazırlamışıq. Bu proseslər onu göstərir ki, 1847-ci ildən üzü bu yana azərbaycanlılara qarşı baş verən bir sıra qırğınlar və deportasiyalar nəticəsində həmin yaşayış məntəqələri Ermənistan tərəfindən ləğv edilib”, - deyə N.Mustafa bildirib.
1847-ci ilə məxsus xəritənin Qafqaz Topoqrafiya İdarəsinin Baş Qərargahı tərəfindən hazırlandığını diqqətə çatdıran tarix üzrə fəlsəfə doktoru deyib: “Xəritə tərtib edilərkən hiss olunur ki, onun tərcüməçiləri ermənilər olublar. Ermənilər çalışırdılar ki, bizim yaşayış məntəqələrimizin adlarını təhrif etsinlər. Biz bu məsələləri dərinliyinə qədər araşdırmışıq”.