İran və Azərbaycan multikulturalizm sahəsində təcrübə mübadiləsinə ehtiyac duyur

 

BBMM -Loqo

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq  Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev ölkəmizdə səfərdə olan İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi ilə görüşüb.

Görüşdə Dövlət müşaviri Azərbaycanda dərin tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən söhbət açıb: “Prezident İlham Əliyev tərəfindən ölkədəki bütün milli və dini icmalara həssas münasibət bəslənilir, bərabər imkanlar yaradılır, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində davamlı addımlar atılır. İran və Azərbaycan arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində hər iki ölkə rəhbərliyi əzmlə çalışır. İran ilə Azərbaycan arasında multikulturalizm sahəsində əməkdaşlığın qurulması hər iki dövlətdəki etnik və dini müxtəliflik baxımından böyük əhəmiyyət daşıyır. Bu sahədə müsbət təcrübənin mübadiləsinə ehtiyac var”.

Azərbaycan və İran arasındakı tarixi dostluq və mədəni əlaqələrə diqqət çəkən Abuzər İbrahimi də öz növbəsində, İrandakı oxşar multikultural mühit haqqında məlumat verib. Rəhbərlik etdiyi təşkilatın dünyanın müxtəlif ölkələrində din və mədəniyyət təmsilçiləri ilə birgə həyata keçirdiyi layihələrdən söz açıb.

Görüş zamanı Azərbaycan və İran dövlətlərinin elm, təhsil və mədəniyyət adamlarının gələcək əməkdaşlığı, islam mədəniyyətinin dünyada daha yaxından tanıdılması üçün görüləcək birgə işlər barədə fikir mübadiləsi aparılıb.

 

Запись İran və Azərbaycan multikulturalizm sahəsində təcrübə mübadiləsinə ehtiyac duyur впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.