Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasına töhfə verir

Bakıda keçirilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Azərbaycanın dünyada multikultural və tolerant ölkə kimi tanınmasına töhfə verir. Bu gün Bakıda Beynəlxalq Multikulturalizm Yay Məktəbi fəaliyyətə başladı. Bu məqsədlə Azərbaycana gəlmişəm və səfərimdən çox məmnunam. Mən iyirmi il əvvəl Bakıda həyata keçirilən enerji layihələrində hüquqşünas kimi fəaliyyət göstərmişəm. Burada ailəmlə yaşadığım müddətdə Azərbaycan xalqının yüksək qonaqpərvərliyə və tolerantlıq ənənələrinə sahib olduğunu görmüşəm. Bu fikirləri Beynəlxalq Multikulturalizm Yay Məktəbinin açılış mərasimində iştirak edən “Stirling” Fondunun direktoru Edvard Rou deyib. Edvard Rou bildirib ki, bu cür tədbirlər fərqli dinlərə və mədəniyyətlərə mənsub insanların bir araya gələrək dialoq qurmaları baxımından çox əhəmiyyətlidir. Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri, həmçinin müxtəlif ölkələrin gənclərinə Azərbaycanın zəngin mədəniyyəti, qədim tolerantlıq və multikulturalizm ənənələri ilə yaxından tanış olmaq imkanı yaradır.