Multikulturalizm Mərkəzinin 9 yaşı tamam olur
Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Bu siyasətin əsasında ölkənin etnik, dini, dil və mədəni müxtəlifliklərinin qorunması dayanır. Multikulturalizm siyasəti dövlətin inteqrasiya siyasətini də möhkəmləndirir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müasir Azərbaycançılığın mühüm tərkib hissəsi kimi dövlətin multikulturalizm siyasətinin həyata keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) əhəmiyyətli yerə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılan Multikulturalizm Mərkəzi artıq 9 ildir uğurla fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın tarixən sahib olduğu multikultural dəyərlərin, mədəniyyətlərarası və xalqlararası dostluğun bu gün də təbliğ edilməsidir. Müasir dövrdə Multikulturalizm Mərkəzi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında və multikulturalizm siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də ölkəmizin imicinin daha da möhkəmləndirilməsi baxımından BBMM önəmli bazaya çevrilib.
Bu istiqamətdə Mərkəz bir sıra uğurlu layihələr həyata keçirir. Bu layihələr içərisində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin yerli və xarici universitetlərdə tədrisi, beynəlxalq multikulturalizm yay və qış məktəbləri, “Terror multikulturalizmə qarşı”, "Qafqaz Albaniyası" və digərlərini xüsusi qeyd etmək olar. Bu gün 9 xarici ölkədə BBMM-in filialı fəaliyyət göstərir. Respublikamızın bütün universitetlərində, eləcə də dünyanın 24 nüfuzlu ali təhsil müəssisəsində (Almaniya, Rusiya, İndoneziya, Türkiyə, Yaponiya, Rumıniya, İtaliya, Braziliya, Portuqaliya, Hindistan, Gürcüstan, Ukrayna və s.) Azərbaycan multikulturalizmi fənni tədris edilir. Beynəlxalq multikulturalizm yay və qış məktəbi iştirakçılarının yaratdığı "Azərbaycanın gənc dostları" klubu xarici ölkələrdə Azərbaycanın maraqlarını müdafiə edir. Hər il onlarla uğurlu elmi nəşr təqdim edən Multikulturalizm Mərkəzi, həm də yerli və xarici tədqiqatçılar üçün araşdırma mərkəzi rolunu oynayır.
Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu gün Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır. Bu, Azərbaycan dövlətinin əsas istiqamətlərindən biri və ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bu siyasətə öz töhfəsini verir. Mərkəz artıq dünya ictimaiyyəti tərəfindən təqdir edilən, multikulturalizmin bu funksiyasını daşıyan, aparıcı bir qurum statusunu qazana bilib.