Rəvan Həsənov: Holokostdan fərqli olaraq, Xocalı faciəsi dünya miqyasında öz hüquqi-siyasi qiymətini almayıb

Holokost dünya miqyasında öz hüquqi-siyasi qiymətini alıb. Amma təəssüf ki, bunu Xocalı faciəsi haqqında demək mümkün deyil.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir çox ölkələr Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Amma dünya birliyi hələ də bu faciəni soyqırımı kimi qəbul etməyib. Bu, çox ədalətsiz yanaşmadır. Əli Azərbaycan xalqının qanına bulaşmış şəxslərin bir çoxu artıq həbs olunub və ədalət məhkəməsi qarşısında cavab verirlər. Digər cinayətkarlar da tezliklə öz layiqli cəzalarını alacaqlar.

Bu sözləri müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov söyləyib.

Azərbaycan soyqırımına məruz qalmış ölkələrdən biri olduğunu, azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulduqlarını, etnik təmizləməyə məruz qaldıqlarını, həmçinin xalqımızın mədəni irsinin dağıdıldığını vurğulayan icraçı direktor qeyd edib: “Torpaqlarımız azad edilib və biz bizə məxsus olanları geri qaytarmağa müvəffəq olmuşuq. Bu gün biz qalib xalqlar sırasındayıq, amma keçmişimizi də unutmuruq”.

İkinci Dünya müharibəsində 6 milyon yəhudinin sırf dini baxışlarına görə qətliama məruz qaldıqlarını xatırladan BBMM-in icraçı direktoru qeyd edib: “XX əsrdə Xocalıda azərbaycanlılar məhz türk millətindən olduqlarına görə qətlə yetiriliblər. Təbii ki, Holokost və Xocalı faciələrini eyniləşdirmək düzgün olmazdı. Ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti 200 ildən çoxdur davam edir”.

O vurğulayıb ki, harada baş verməsindən asılı olmayaraq, soyqırımlar insanlıq, bəşəriyyət üçün dərs olmalıdır. Bu, sadəcə, qurbanların xatirəsinə ehtiram deyil, eyni zamanda, qətliamları xatırlatmaq vasitəsilə birgəyaşayışın təbliği istiqamətində göstərilən cəhdlərdir. İrqçiliyə, millətçiliyə qarşı mübarizə yollarını axtarmaq və bunu gələcək nəsillərə ötürmək lazımdır.

Etiketlər