Mutikulturalizm Mərkəzi 2024-cü ili uğurla başa vurub

Sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu gün dünyada geosiyasi vəziyyət gərginləşdikcə, insanlar, dövlətlər, dinlər və millətlər arasında tolerant və multikultural dəyərlərin inkişaf etdirilməsinə, qorunmasına ehtiyac daha da artır. Çünki bütün bu münaqişə və müharibələrin kökündə qarşılıqlı anlaşılmazlıqlar və bir-birlərinə qarşı dözümsüzlük durur. Bunun qarşısının alınmasının yeganə yolu isə dünyada birgəyaşayışın mükəmməl forması olan, dini və milli dözümlülüyü özündə ehtiva edən multikulturalizmi və tolerantlığı təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir.
Azərbaycandakı mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Ölkəmizdə mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradıldı. Mərkəz fəaliyyətində azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edir, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdır, mövcud multikultural modelləri tədqiq və təşviq edir. Mərkəz yarandığı gündən qarşısında duran məqsəd və vəzifələrin icrası istiqamətində  fəaliyyət aparır. 2024-cü ildə yaranmasının 10 illiyini qeyd edən Mərkəz hər il olduğu kimi sadəcə ölkə daxilində deyil, eyni zamanda bir çox xarici ölkələrdə də Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, görüşlər keçirib, müxtəlif dillərdə kitab və jurnallar nəşr edib. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də, multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.
Mərkəz tərəfindən 20 Yanvar faciəsinin 34-cü, “Xocalı soyqırımı”nın 32-ci ildönümünə həsr edilmiş anım tədbirləri, “Holokost soyqırımı müasirlərin gözü ilə”,  “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi”, “Azərbaycanda yaşayan azsaylı xalqların etnoqrafik özəllikləri”, “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzularında və  8 Noyabr – “Zəfər Günü”nə həsr edilən dəyirmi masalar təşkil edib. Tədbirlərdə ölkəmizdə yaşayan etnik icmaların rəhbərləri, dini icmaların nümayəndələri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər iştirak ediblər. 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının multikulturalizm siyasətini təbliğ etmək, müxtəlif mədəniyyətlər və xalqlar arasında anlaşma və əməkdaşlığı gücləndirmək məqsədilə beynəlxalq sahədə bir çox layihələr və təşəbbüslər həyata keçirir ki, bu da Azərbaycanın multikulturalizminin dünyada daha geniş şəkildə tanınmasına və təbliğinə kömək edir. Mərkəz multikulturalizm, mədəniyyətlərarası dialoq və sosial inteqrasiya mövzusunda beynəlxalq konfranslar, simpoziumlar və forumlar təşkil edir. Bu tədbirlərə dünya üzrə çoxsaylı alimlər, mütəxəssislər, diplomatik nümayəndələr və digər maraqlı tərəflər qatılır. Mərkəzin 2024-cü ildə də beynəlxalq fəaliyyəti zəngin olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və  Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə  mübarizə” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib. İki gün davam edən konfransa 120-dən çox xarici qonaq qatılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb.
Dünya albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr aparmaq məqsədilə təşkil olunan “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq elmi konfransda  Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislər iştirak ediblər. Konfrans iştirakçılarının Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfərləri də təşkil edilib və oradakı Alban məbədləri ziyarət olunub. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 30-dan çox xarici ölkədən mütəxəssisin iştirak etdiyi  “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiya təşkil olunub. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Din povilyonunda “Fəaliyyətdə Dinlərarası Əməkdaşlıq: İnsan vəziyyətini yaxşılaşdırmaq üçün dünya idarəçiliyi” mövzusunda panel müzakirə keçirilib. “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə “Mədəni irsin bərpası və qorunması” mövzusunda panel sessiya keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də həmtəsisçisi olduğu beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması, dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiya və əməkdaşlığın qurulması, beyin mərkəzlərinin fəaliyyətləri barədə ictimaiyyətdə məlumatlılığın artırılması məqsədilə yaradılan  Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı keçirilib. İşğaldan azad olunmuş ərazilərdə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun tərkibində dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfərlər təşkil edilib, dağıdılmış və saxtalaşdırılmağa cəhd olunmuş mədəni irs nümunələrinə baxış keçirilib, hesabatlar və arayışlar hazırlanıb. 
BBMM-nin beynəlxalq fəaliyyəti Azərbaycanın multikulturalizm modelinin dünyada tanınmasına və müsbət imicinin formalaşmasına mühüm töhfə verir. Mərkəz həmçinin müxtəlif ölkələr arasında anlaşma və qarşılıqlı hörmətin inkişafına dəstək olur. Bu istiqamətdə Mərkəzdə 2024-cü ildə həm yerli, həm də beynəlxalq səviyyədə 16 ölkədən olan nümayəndə heyəti ilə görüşlər keçirilib. Görüşlərdə qonaqlara Mərkəzin fəaliyyəti, Azərbaycan multikulturalizm modeli, Azərbaycandakı tolerant və multikultural mühit haqqında geniş məlumat verilib.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Fransa tərəfindən işğal edilmiş Qəmər Adalarının tərkib hissəsi olan Mayot adasının nümayəndə heyəti və  Fransız Polineziyası nümayəndə heyəti ilə görüşlər keçirilib. "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı beynəlxalq konfransda Mərkəz təmsil olunub.
Müxtəlif beynəlxalq təşkilatlarla sıx əlaqələr qurur və birgə layihələr həyata keçirir, beynəlxalq tədbirlərdə tərəfdaş kimi iştirak edir. Xaricdə keçirilən beynəlxalq tədbirlərdə - ATƏT regionunda antisemitizmlə mübarizəyə həsr olunmuş beynəlxalq konfransda, Gürcüstanın Tbilisi şəhərində keçirilən “Bölünmüş dünyada körpülərin qurulması: Dialoq və Anlaşma vasitəsilə ürəklərin diplomatiyası” beynəlxalq konfransda, Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunda (ISTAC-IIUM) keçirilən “İslamofobiya və Təhsil” mövzusunda konfransda, “XXI əsrdə Mərkəzi Asiya ölkələrində mədəniyyətlərin qonşuluğu” mövzusunda beynəlxalq konfransda, “Müasir dünyada etnosiyasi tədqiqatlarda mövcud tendensiyalar: nəzəri və tətbiqi aspektlər” mövzusunda beynəlxalq elmi konfransda, “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusuna həsr olunan G20 Dinlərarası Forumunda, XX Beynəlxalq Müsəlman Forumunda, “Türk xalqlarını birləşdirən amillər: dəyərlər, rəmzlər və ideyalar” mövzusunda beynəlxalq elmi  seminarda,  “Sülh naminə liderlik, nəzəriyyədən təcrübəyə” onlayn seminarda təmsil olunub. İSESCO-nun Baş qərargahında “Quran və Qərb: Gələcəyə doğru rasional yanaşma” mövzusunda təşkil olunmuş konfransda Mərkəzin icraçı direktoru Rəvan Həsənovun xüsusi seminarı təşkil olunub. Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Malayziyaya işgüzar səfəri çərçivəsində ölkənin baş naziri Ənvər İbrahimlə görüşüb. Mərkəzin həmtəşkilatçılığı ilə “Sülhün dayanıqlı inkişafında nailiyyətlərin əldə olunmasında dini liderlərin rolu” mövzusunda iki günlük beynəlxalq konfrans baş tutub. İspaniya Krallığının Maqos Fondunun təşkilatçılığı ilə Malaqa şəhərində keçirilən  “Müdrik İnsanların Xəzinəsi” adlı beynəlxalq sərgidə “Azərbaycan multikulturalizm modeli” adlı xüsusi seminar, Polşada “Azərbaycanda xristian irsi” mövzusuna həsr edilən sərgi təşkil olunub. Ümumiyyətlə 2024-cü ildə Mərkəzin beynəlxalq fəaliyyəti 13 ölkəni əhatə edib.
Azərbaycanın multikulturalizm siyasətinin geniş yayılması və beynəlxalq aləmdə tanıdılması Mərkəzin qarşısında qoyulan əsas vəzifələrdəndir.  Mərkəz Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyinə və müxtəlif mədəniyyətlər arasında harmoniyaya əsaslanan mövqeyini dünya səviyyəsində təbliğ edir. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ildən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. 2024-cü ilin sonunadək “Azərbaycan multikulturalizmi” fənni dünyanın 27 və Azərbaycanın 38 nüfuzlu ali məktəbində tədris olunub. Tədris keyfiyyətinin yüksəldilməsi və müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə “Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edən müəllimlərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ildə iki dəfə, yaz və qış semestrində treninqlər təşkil olunub. Treninqi uğurla bitirən müəllimlərə sertifikatlar təqdim edilib. Tələbələrin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi, eyni zamanda onların bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədilə, Azərbaycanda ali məktəblərin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” fənninin monitorinqi həyata keçirilib. 2024-cü ildə Mərkəz Cənubi Koreyanın İNHA Univeristeti və Moskva İslam İnstitutu ilə “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində əməkdaşlığa başlayıb. İl ərzində layihə çərçivəsində “Azərbaycan multikulturalizmi” tədris olunan universitetlərdə Azərbaycanla bağlı tədbirlər təşkil olunub. “Multikulturalizmə giriş” fənnini öyrənən tələbələrdən ibarət könüllülər  Azərbaycanda keçirilən yerli və beynəlxalq tədbirlərin təşkil olunmasında iştirak ediblər.
“Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” mövzusunda XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi, “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu”adlı XV Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil olunub. Qeyd edək ki, “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı olan Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin məqsədi xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələrin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Mərkəz hər il olduğu kimi 2024-cü ildə də Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “International Journal of Multiculturalism” adlı beynəlxalq elmi jurnalının iki sayı, “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda II Beynəlxalq elmi konfransın elmi məqalələri nəşr edilib, “Musa Kalankatlıya əsasən Qafqaz Alban kilsəsinin tarixi” adlı kitab ingilis dilində işıq üzü görüb. “Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalının 5-ci buraxılışı, Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı Ukrayna dilində,  “Land of multiculturalism”, “Dağıdılmış irs: səssiz şahidlər”  fotoalbomları ingilis dilində, “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” kitabı rus dilində hazırlanıb, çap mərhələsindədir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin mediada geniş şəkildə işıqlandırılması Azərbaycanın multikulturalizm siyasətinin təbliğində mühüm rol oynayır. Mərkəzin media fəaliyyətləri, həm yerli, həm də beynəlxalq səviyyədə Azərbaycanın mədəni müxtəliflik, dini tolerantlıq və multikulturalizmə dair mövqeyinin təbliğinə xidmət edir.
BBMM, sosial media platformalarından fəal şəkildə istifadə edərək Azərbaycan multikulturalizmini dünya ictimaiyyətinə çatdırır. Mərkəzin feysbuk, tvitter, instaqram, yutub platformalarında multikulturalizmə dair tədbirlər, müsahibələr, video materiallar və xəbərlər yayımlanır. BBMM, həmçinin öz rəsmi vebsaytında və digər onlayn məkanlarda mütəmadi olaraq fəaliyyətini və layihələrini təqdim edən yazılar, məlumatlar və təhlillər dərc edir. Bu, mərkəzin fəaliyyətinin geniş kütləyə tanıdılmasına və müasir kommunikasiya vasitələrindən istifadə edərək təbliğatının aparılmasına imkan verir.
BBMM televiziya və radio kanalları ilə də sıx əməkdaşlıq edir. Mərkəzin nümayəndələri müxtəlif televiziya proqramlarında və radio verilişlərində iştirak edərək Azərbaycanın multikulturalizm siyasətini müzakirə edirlər. Bu proqramlar həm yerli, həm də beynəlxalq səviyyədə yayımlanır və Azərbaycanın mədəni müxtəlifliyi ilə bağlı müsbət imicini geniş kütlələrə çatdırır. BBMM beynəlxalq media qurumları ilə də sıx əlaqələr qurub. Mərkəzin rəhbərliyi və mütəxəssisləri, beynəlxalq jurnalistlər və media nümayəndələri ilə əməkdaşlıq edərək, Azərbaycanın multikulturalizm sahəsindəki uğurlarını dünya miqyasında təqdim edir. Mərkəzin fəaliyyəti, həmçinin beynəlxalq televiziya kanallarında və böyük xəbər agentliklərində də əks olunur. Multikulturalizmə dair müxtəlif video materiallar və sənədli filmlər hazırlayır. Bu filmlər, Azərbaycanın mədəni müxtəlifliyinə və sosial inteqrasiyaya dair müsbət hekayələri əks etdirir və həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən izlənilir. Bu video materiallar mərkəzin fəaliyyətini təbliğ etməklə yanaşı, Azərbaycanın tolerant cəmiyyət olduğunu da nümayiş etdirir. Müxtəlif yerli və xarici  televiziya kanalları 2024-cü ildə yaranmasının 10 illiyini qeyd edən Mərkəzin fəaliyyətinə dair verilişlər, videosüjetlər hazırlayıblar.
2018-ci ilin oktyabr ayından etibarən yayımlanan və BBMM-in Azərbaycan Televiziyası (AzTV) ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişi cari il ərzində də davam edib. 2024-cü ildə “Multikulturalizm” verilişinin 9 buraxılışı yayımlanıb. 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2024-cü il ərzində fəaliyyəti barədə bütün məlumatlar Mərkəzin http://multikulturalizm.gov.az  rəsmi saytında, feysbuk,  tvitter, yutub, instaqram səhifələrində 3 dildə (azərbaycan, rus və ingilis) yayımlanıb. Cari il ərzində Azərbaycan multikulturalizmi ilə bağlı, eyni zamanda BBMM-in təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirlər haqda ABŞ, Türkiyə, Almaniya, Misir, Yaponiya, Niderland, Mərakeş, İspaniya, Çin, İordaniya, Pakistan, Nigeriya, Gürcüstan, Rusiya, Fransa, Ermənistan, Rumıniya, İsrailin xəbər saytlarında məqalələr, xəbərlər, habelə qeyd olunan ölkələrin televiziyalarında müxtəlif dillərdə süjetlər yer alıb.
Belçikanın Vlaamse Radio və Televiziya qurumunun tanınmış telejurnalisti Chris Michel ilə,  İspaniya Dövlət Teleradiosunun həftəlik informasiya icmalının həmmüəllifi jurnalist Mariya Anxeles Rodriqes Qonzales ilə görüş keçirilib, həmin kanallara xüsusi müsahibə verilib. Mərkəzin “Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi” layihəsi çərçivəsində hazırladığı “Azərbaycanda xristian irsi” sənədli filmi Albaniyanın Dövlət Radio Televiziyasında yayımlanıb. Mərkəz tərəfindən hazırlanan sənədli filmdə Azərbaycanda yaşayan xristianlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. “Euronews” kanalı  2024-cü ildə 10 illiyini qeyd edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə bağlı xüsusi proqram hazırlayıb. 
Ümumiyyətlə 10 il ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, gördüyü işlər Azərbaycan multikulturalizminin inkişafına, dünyada təbliğinə mühüm töhfələr verib. Mərkəz mədəniyyətlərarası anlaşma, hörmət və əməkdaşlığın təşviqi, daha ahəngdar və inklüziv qlobal birliyin qurulmasına töhfə vermək üçün fəaliyyətini uğurla davam etdirir. Həm Azərbaycanda, həm də beynəlxalq arenada multikulturalizmin və mədəniyyətlərarası dialoqun təşviqi, daha inklüziv və harmonik dünya qurmaq üçün digər ölkələr və təşkilatlarla tərəfdaşlıq və əməkdaşlığın təşviqi üçün mərkəz rolunu oynayır. Bu günədək üzərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gələn BBMM növbəti illərdə də Azərbaycandakı tolerant və multikultural mühitin, eləcə də mədəni və dini müxtəlifliyin qorunması, təbliği və tədqiqi istiqamətində fəaliyyətini yerli və beynəlxalq səviyyədə uğurla davam etdirəcək.