İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
Bakı, 19 aprel
Bu günlərdə İsrailin KİV təmsilçilərindən ibarət nümayəndə heyəti - “Israel Hayom” və “The Jerusalem Post” qəzetlərinin jurnalistləri, İsrailin 124-cü beynəlxalq televiziya kanalının, habelə, “Los Angeles Times” qəzetinin Qüds bürosunun müxbirləri Azərbaycanda səfərdə olublar.
İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Den” informasiya-analitik proqramının birbaşa efirində nümayiş etdirilən “İsrailli jurnalistlər Azərbaycana səfər ediblər” adlı süjeti şərh edərək bu barədə danışıb.
Arye Qut deyib: “Mənim rəhbərlik etdiyim təşkilat son 5 ildə qarşıya qoyduğu əsas məqsəd İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında strateji münasibətləri möhkəmləndirmək, inkişaf etdirmək və dərinləşdirməkdir. İsrailli jurnalistlərin Azərbaycana səfəri layihəsi jurnalistika baxımından uğurlu, yaradıcı və çox maraqlı olub. Biz həm İsrailin aparıcı KİV-lərinin nümayəndələrini Azərbaycana gətirməyə nail olduq, həm də Amerikada çıxan “Los Angeles Times” qəzetinin nümayəndəsini dəvət etdik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi israilli jurnalistlərin səfərinin həyata keçirilməsində mühüm rol oynadı”.
İsrailli ekspertin sözlərinə görə, hər iki ölkə mürəkkəb geosiyasi əhatədə olmasına baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və güclü tərəfdaşlıq yaradılıb, onların qarşılıqlı etimadı və siyasi dialoqu ən yüksək səviyyədədir, ticari-iqtisadi dövriyyənin həcmi 3,5 milyard dollara çatır. İki dövlət arasında qarşılıqlı münasibətlərin strateji əsaslarından biri energetika sahəsidir.
Arye Qut deyib: “Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan, eyni zamanda, bir sıra başqa etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları üçün doğma evdir. Hətta 30 ilə yaxın bundan əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlananda da Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülhü və harmoniyanı qoruyub saxladı. Burada yəhudilərlə azərbaycanlılar əsrlərboyu doğma qardaşlar kimi yaşayıblar və indi də belədir, onları ortaq tarix və ortaq tale bağlayır. Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş etnik təmizləməyə və təcavüzə, ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycanda milli və etnik azlıqlara münasibət dəyişməyib. O, əvvəlki kimi yenə də millətlərarası və konfessiyalararası dialoq məkanının əsl nümunəsidir. Humanizm, tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasını təşkil edir. Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin daha da inkişaf etdirilməsi və möhkəmlənməsi üçün siyasi və sosial şərait yaradılması, bu dəyərlərin stimullaşdırılması istiqamətində zəruri tədbirlər görülüb. Bu gün Azərbaycan intensiv inkişaf edən müstəqil və güclü dövlətdir, Cənubi Qafqazda demək olar ki, bütün geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan dünya və region dövlətlərindən asılı olmayan çoxvektorlu xarici siyasət yürüdür”.
Ekspert qeyd edib ki, israilli jurnalistlərin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, müdafiə nazirinin müavini general Kərəm Vəliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov, habelə Azərbaycanda sülh və harmoniya şəraitində yaşayan müsəlman, yəhudi və xristian dini konfessiyalarının rəhbərləri ilə görüşmək, onlardan müsahibələr götürmək üçün imkan yaradılıb.
Arye Qutun sözlərinə görə, israilli jurnalistlər iki gün ərzində cəbhəyanı zonada – 27 ildən artıq Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri ilə hərbi təmas zonasında olublar. Arye Qut deyib: “Bu, 3 il bundan əvvəl döyüş əməliyyatları yeri olmuş əraziyə İsrail KİV nümayəndələrinin ilk tarixi səfəri idi. 2016-cı il aprelin əvvəlində Azərbaycan Ordusu erməni tərəfin hərbi provokasiyasına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı hərbi zərbə endirib. Heç kəs üçün sirr deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir.
İsrailli jurnalistlər Tərtərdə və Cocuq Mərcanlıda Azərbaycan Ordusunun əsgərləri və zabitləri ilə görüş zamanı bir daha yəqin ediblər ki, bugünkü Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda müasir texnikaya və silahlara malik olan, şəxsi heyətin yüksək intizamı və döyüş ruhu ilə fərqlənən ən güclü ordudur. İsrailli jurnalistlər bunu gördülər və yəqin etdilər”.
İsrailin Doqquzuncu televiziya kanalının efirində çıxış edən Arye Qut daha sonra deyib: “Biz israilli jurnalistlərlə birlikdə Füzuli rayonunun erməni işğalçılar tərəfindən dağıdılmış Aşağı Əbdürrəhmanlı kəndində də olduq. Vaxtilə çox məşhur olmuş bu kəndin yerində son 27 ildə yaşayış məhəllələrinin xarabalıqları, viran edilmiş məktəblər və yaşayış binaları, vəhşicəsinə dağıdılmış qəbiristan qalıb. İsrailli jurnalistlər erməni işğalçıların törətdiyi vandalizmin və qəddarlığın nəticələrini, atəşə tutulub dağıdılmış məzarları öz gözləri ilə gördülər. Bu dəhşətli mənzərəni görəndə düşünürsən ki, işğalçılar bu torpaqda uyuyan ölülərdən də qorxurlarmış. Elə bil burada həyat çoxdan dayanıb. Aşağı Əbdürrəhmanlı kəndində törədilmiş dağıntıları görəndə aydın olur ki, işğalçılar həm müharibə dövründə, həm də müharibədən sonra bu kəndi məhv etmək üçün xüsusi canfəşanlıqla çalışıblar. İşğalçılar burada dağıdıla biləcək nə varsa hamısını ardıcıl və məqsədyönlü şəkildə dağıdıb, məhv ediblər”.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Den” informasiya-analitik proqramının birbaşa efirində nümayiş etdirilən “İsrailli jurnalistlər Azərbaycana səfər ediblər” süjetinin şərhini bu sözlərlə tamamlayıb: “Daha sonra israilli jurnalistlər məşhur Cocuq Mərcanlı kəndində olublar. İsraillilərin heç biri inana bilmirdi ki, bu Azərbaycan kəndi cəmi bir neçə il bundan əvvəl erməni işğalçılar tərəfindən dağıdılıb və məhv edilib. Bu kənddə gördükləri real mənzərə bütün gözləntilərdən üstün oldu. Cəbhənin ön xəttində yerləşən kənd bu gün öz gözəlliyi və yenidən qurulmuş infrastrukturu sayəsində Azərbaycanın paytaxtındakı hər hansı qəsəbədən demək olar ki, heç nə ilə fərqlənmir. Biz kəndin dinc sakinləri ilə, uşaqlarla, məktəb direktoru – taleyi bu kəndlə bağlı bütün dəhşətli və qanlı hadisələri əks etdirən Zamin Həziyevlə görüşüb söhbət etdik.