Azərbaycan multikulturalizm modeli mövzusunda mühazirə təqdim edilib

ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə təlim proqramı keçirir. İnstitutun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilən təlim Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katiblərini bir araya gətirib. Proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri ilə bağlı məlumatların çatdırılmasıdır. 
    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhsil şöbəsinin müdiri İrina Kunina proqram çərçivəsində “Azərbaycan multikulturalizm modeli” mövzusunda mühazirə təqdim edib. İ.Kunina əvvəlcə Azərbaycandakı multikultural və tolerant mühit haqda məlumat verib, dini və etnik müxtəlifliyin qorunması barədə danışıb. Sonra o, multikulturalizmin Azərbaycan modelinin formalaşma mexanizmi və özəlliklərindən bəhs edib. Sonda İ.Kunina iştirakçıları maraqlandıran suallara cavab verib.

Etiketlər