Multikulturalizm Mərkəzi treninqlər keçirib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti treninqlər başa çatıb. Bu fənni tədris edən müəllimlər üçün təşkil olunan treninqlər 29 oktyabr – 3 dekabr 2022-ci il tarixlərində keçirilib. Treninqlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Pedaqoji Kollecinin 20-dən çox müəllimi iştirak edib. Treninqlər çərçivəsində BBMM-in əməkdaşları, eləcə də alim və mütəxəssislər tərəfindən “Multikulturalizmə liberalism və kommunitarizm yanaşmaları", "Dinin mahiyyəti və onun təzahür formaları. Müasir dövrdə din", "Qədim Türk İnancları”, "Etnik müxtəliflik və milli ideya", "Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi", “Müasir dövrdə Azərbaycanda multikulturalizm”, “Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsiri” və digər mövzularda mühazirələr təqdim olunub. Treninqlər zamanı geniş diskussiyalar aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonda treninqi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyyəsi və Təhsil Nazirinin müvafiq əmri ilə 2019-cu ilin sentyabr ayından ölkəmizin bütün ali təhsil ocaqlarının bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə ildə iki dəfə treninqlər təşkil edir.