Multikulturalizm Mərkəzi Veliko Tırnova Universiteti ilə əməkdaşlıq edəcək
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizminin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində hazırda 22 xarici ali təhsil müəssisəsində "Azərbaycan multikulturalizmi" kursu həyata keçirilir. BBMM-in məqsədyönlü fəaliyyəti nəticəsində kursun tədrisinin coğrafi əhatə dairəsi daim genişlənməkdədir. Ötən həftə bu siyahıya daha bir nüfuzlu xarici ölkə universitetinin adı əlavə olunub. İyunun 14-də Multikulturalizm Mərkəzi ilə Bolqarıstanın Müqəddəs Kiril və Mifodi adına Veliko Tırnova Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq 2021-2022-ci tədris ilinin ikinci semestrində bu əməkdaşlıq müqaviləsi əsasında Veliko Tırnova Universitetində "Azərbaycan multikulturalizmi" kursu üzrə mühazirələrin təşkili və aparılması planlaşdırılır. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Veliko Tırnova şəhərinin fəxri vətəndaşı, Müqəddəs Kiril və Mifodi adına Veliko Tırnova Universitetinin fəxri doktorudur.
Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi artıq Bolqarıstanın aparıcı universitetlərindən biri - Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin uğurla fəaliyyət göstərdiyi Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti ilə səmərəli əməkdaşlıq edir. "Azərbaycan multikulturalizmi" kursu 2015-ci ildən etibarən bu universitetdə tədris olunur və geniş auditoriyaya malikdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
mətbuat xidməti