Multikulturalizm Mərkəzində “Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib
Yanvarın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan dağ yəhudiləri və Avropa yəhudi dini icmalarının, Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin nümayəndələrinin də qatıldığı tədbirdə, əvvəlcə, Holokost və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tədbiri açaraq bildirib ki, Xocalı və Holokost soyqırımları zaman etibarı ilə bir-birindən fərqli vaxtlarda törədilsə də, mahiyyətcə oxşar faciələrdir. BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş qətnaməyə əsasən hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri eyni vəhşiliklərə məruz qalıblar. Bu faciə nəticəsində 613 nəfər həlak olub, 8 ailə məhv edilib, 275 nəfər əsir düşüb,150 nəfər haqqında isə heç bir məlumat yoxdur.
İcraçı direktor əvəzi yəhudilərin əsrlərdir Azərbaycanda dostluq şəraitində yanaşı yaşadıqlarını vurğulayıb. O deyib ki, Azərbaycanda heç vaxt antisemitizm meyilləri olmayıb, burada yaşayan bütün etnik icmalar bir-biri ilə ən yüksək səviyyədə dostluq, qardaşlıq münasibətləri qurublar.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə tədbirdə məruzə ilə çıxış edərək bildirib ki, tarixən milli-etnik zəmində düşmənçilik, etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuş Azərbaycan xalqı yəhudi xalqını yaxşı başa düşür, onun üzləşdiyi fəlakəti öz üzərində hiss edib. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin və Holokost qurbanlarının xatirəsi ölkəmizdə hər il yad edilir. Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı törətdiyi qətliamın kulminasiya nöqtəsidir. Fevralın 25-dən 26-na keçən gecə bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib. Onların 106-sı qadın, 83-ü uşaqdır. 56 nəfər isə xüsusi amansızlıqla qətlə yetirilib. Baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də yaşanmış faciələri xatırlayıb nəticə çıxararaq gələcəyə baxmaq lazımdır.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib ki, yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqlar birləşdirir. Holokost Xocalı soyqırımı kimi insanlığa qarşı törədilmiş cinayətdir. Holokost və Xocalı faciələri mahiyyətcə eynidir. Holokost qurbanlarının sayı 6 milyondur, onların 1,5 milyonu uşaqlardır. Yəhudi və Azərbaycan xalqları bir-birinin faciəsini dərk edir, yaxşı başa düşür. 1918-ci ildə Qubada yəhudi icmasının üzvləri də ermənilər tərəfindən soyqırımına məruz qalıb. Erməni cəlladları tərəfindən insanlığa qarşı törədilmiş qanlı soyqırımı hadisələrini unutmamalıyıq və soyqırımının beynəlxalq aləmdə tanıdılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı işlər aparmalıyıq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, etnik qrupun, xalqın bu cür hadisə ilə üzləşməsini istəmiriksə, Xocalı soyqırımının səbəbkarları cəzalandırılmalıdır. Cəzasızlıq mühiti olarsa, bu cür faciə başqa xalqlara qarşı da həyata keçirilə bilər. Xocalı soyqırımından bəhs edən komitə sədrinin müavini deyib ki, yəhudilər 2600 ildir Azərbaycanda məskunlaşıblar və dinc, dostluq, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Yəhudilər təkcə Avropada soyqırımına məruz qalmayıblar, onlar, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının qurbanları arasında olublar.
Tədbirdə çıxış edən millət vəkilləri Hikmət Babaoğlu, Elman Nəsirov, Elman Məmmədov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov çıxış edərək Avropanın bəzi ölkələrində hələ də antisemitizm meyillərinin qaldığını bildirərək, həmin ölkələrdə Holokost söhbətini açmağın belə qadağan olunduğunu deyiblər. Bu gün multikulturalizm siyasətinin Azərbaycanda aparıcı xətt olması və burada digər etnik qruplar kimi yəhudilərin də sərbəst, mehribanlıq şəraitində yaşaması digər ölkələrə örnək kimi göstərilib. Xocalı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Əliyev, Xocalı sakinləri Murad Məhərrəmov və əsirlikdə olmuş Dürdanə Ağayeva isə çıxışlarında Holokost qurbanlarını yad etməklə yanaşı, Xocalı faciəsi zamanı yaşanan dəhşətli məqamları da bir daha xatırladılar.
Çıxış edənlər Azərbaycanda Holokost faciəsinin anılmasının ənənə halını almasını təqdirəlayiq məqam kimi qiymətləndirib, bunun ölkəmizdəki multikultural və tolerant mühitin göstəricisi olduğunu qeyd ediblər. Yəhudi xalqının başına gətirilən dəhşətli faciəyə ölkəmizdə həssaslıqla yanaşıldığı, hər il Holokost qurbanlarının xatirəsinin anıldığı vurğulanıb.