Ukrayna universitetində Azərbaycan multikulturalizmi müzakirə edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna nümayəndəliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycan dünya multikulturalizm mərkəzlərindən biridir: Azərbaycanda etnik və dini müxtəliflik” mövzusunda dəyirmi masa keçirilib. Dnepr şəhərindəki  “Dnepr politexniki” Milli Texniki Universitetində baş tutan tədbirdə universitetinin tələbə və müəllimləri, habelə Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə universitetin  Ukrayna-Azərbaycan mədəniyyət və biznes mərkəzinin direktoru, filologiya elmləri namizədi, dosent Gennadi Onişenko açıb. O çıxışında tələbələrin Azərbaycan multikulturalizm modelinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə marağını, eləcə də  universitetin azərbaycanlı tərəfdaşlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb.  Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk tələbələrə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoq, multikulturalizm konsepsiyası, eləcə də həyata keçirilən layihələr, beynəlxalq multikulturalizm məktəbləri haqqında məlumat verib. Marina Qonçarukun sözlərinə görə, BBMM ukraynalı gənclər üçün yeni imkanların yaradılmasına böyük diqqət yetirir. Bunun sayəsində tələbələr dünya multikulturalizminin unikal mərkəzlərindən biri kimi Azərbaycan haqqında daha çox məlumat əldə etmək imkanı qazanırlar.

Dnepr Vilayəti Azərbaycanlıları Konqresinin rəhbəri Nəcəf Əhmədov çıxışında gənclərlə bağlı layihələrdən və  Konqresin fəaliyyətindən, Ukrayna-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə mütəmadi keçirilən tədbirlərdən  söz açıb.

Dəyirmi masada çıxış edən Dnepr Milli Texniki Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Marina Paşkeviç tələbələrin Azərbaycan mövzuları üzrə gənclər arasında keçirilən müsabiqələrdə fəal iştirakından, onların Azərbaycan və Ukrayna-Azərbaycan münasibətləri haqqında biliklərini dərinləşdirmək istəyindən, həmçinin Bakıda keçirilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinə marağından danışıb.

Tədbirin sonunda tələbələrin Azərbaycan multikulturalizmi və BBMM-in layihələri ilə bağlı sualları cavablandırılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi  Marina Qonçaruk universitetin kitabxanasına Mərkəzin xarici dillərdə nəşr etdiyi kitabları hədiyyə edib.

Etiketlər