Multikulturalizm Mərkəzində beynəlxalq dəyirmi masa keçirilib
Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Bütün təhdidlərə qarşı multikulturalizm və dini harmoniyanın təmin olunması” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Dəyirmi masada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycanda səfərdə olan Los-Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez, Los-Anceles Valley Qutreach Sinaqoqunun baş ravvini Ron Li-Paz, Kolorado ştatı Şalom Sinaqoqunun baş ravvini Ravvin Cey Şervud, Los-Anceles İnanc və Ümid Lüteran Kilsəsinin rəhbəri Pastor Marta Moskoso, Los-Anceles İnqlvud İslam Mərkəzinin prezidenti Caved Bava, Mərkəzin direktoru İsmayıl Kikibai, müsəlman icması ilə iş üzrə direktoru Zubair Ravda, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiya Şurasının katibi protoiyerey Mefodiy Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ yəhudiləri icmasının sədri Melih Yevdayev və digər icma nümayəndələri iştirak ediblər.
Tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib ki, Azərbaycan milli kimliyindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın Vətənidir. Müxtəlif millətlərin və dinlərin nümayəndələri min illərdən ölkəmizdə dost və qardaş kimi yaşayıb, Azərbaycanı ümumi vətənləri kimi qoruyublar. Ona görə də 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələri könüllü olaraq ordu sıralarına yazılıb, döyüşlərdə qəhrəmancasına iştirak edib, bəziləri isə ya şəhidlik zirvəsinə ucalıb, ya da qazi olublar.
Qeyd edək ki, ABŞ nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin həyat tərzi kimi qəbul edildiyi Azərbaycanın bu sahədəki təcrübəsi ilə daha yaxından tanış olmaq, eyni zamanda, “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı” layihəsi çərçivəsində regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, sülhün bərqərar olması, eləcə də digər prioritet məsələlər üzrə əməkdaşlıq üçün müzakirələr aparmaqdır. Səfər çərçivəsində qonaqlar bir sıra görüşlər keçirib, işğaldan azad olunmuş ərazilərə - Ağdam və Şuşa şəhərlərinə səfər edərək, erməni vandalizminin nəticələrini öz gözləri ilə görüb, həmçinin ölkəmizdəki dini ibadət yerlərində – məscidlərdə, sinaqoqlarda və kilsələrdə olublar.