Multikulturalizm Mərkəzi “Bakı prosesi-10” adlı VIII virtual dəyirmi masanın materiallarını nəşr edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu günlərdə “Bakı prosesi” (2008-2018) adlı VIII virtual dəyirmi masanın materiallarını  nəşr edib.

Mədəniyyətlərarası dialoqun təşviq edilməsi məqsədilə “Bakı prosesi” Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüşdür. 2008-ci il dekabr ayının 2-3-də Bakı şəhərində keçirilmiş həmin konfrans Azərbaycan hökuməti və Avropa Şurasının ortaq səyləri ilə təşkil olunmuşdur. Azərbaycan tərəfindən belə qlobal prosesin irəli sürülməsinin əsasında respublikamızdakı dini-etnik rəngarənglik, eləcə də ölkə ərazisində tarixən təşəkkül tapmış mədəni müxtəliflik faktoru dayanır.  Bu konfrans çərçivəsində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsinin iştirakı ilə yeni əməkdaşlıq formatının əsası qoyulmuşdur. 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi sözügedən konfransda Azərbaycanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmişdir.

“Bakı prosesi” sayəsində bəşəriyyətin qlobal təhlükəsizliyinin təmini və dövrümüzün ən mühüm vəzifəsi kimi mədəniyyətlərarası dialoqa və mədəni müxtəlifliyə böyük diqqət ayrılır. “Bakı prosesinin” ayrılmaz və əsas tərkib hissəsi olan bütün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında yüksək vəzifəli şəxslər, müxtəlif beynəlxalq təşkilatların başçıları, görkəmli ictimai xadimlər, məşhur mədəniyyət və incəsənət nümayəndələri iştirak etmişlər. Beləliklə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları müxtəlif dövlətlərin, mədəniyyətlərin və beynəlxalq təşkilatların nümayəndələrinə bütün dünyada mədəni müxtəlifliyin və sivilizasiyalararası dialoqun qorunması və inkişafı üçün konkret işlər görməyə imkan verən beynəlxalq meydançaya çevrilmişdir.

 

          Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı prosesini xüsusi diqqətdə saxlayaraq, bu mövzuya ayrıca layihə həsr etmişdir. Layihə çərçivəsində  8 dəyirmi masa təşkil olunmuş və hər birinin materialları 3 dildə dərc olunmuşdur. Bu günlərdə “Bakı prosesi” (2008-2018) adlı VIII virtual dəyirmi masanın materialları da bir yerə toplanaraq, Azərbaycan, rus və ingilis dillərində nəşr edilmişdir. Layihənin rəhbəri BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, tərtibçilər BBMM-in icraçı direktoru Rəvan Həsənov və Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov, korrektoru Tahir Kazımlıdır.