Qubada “Multikulturalizm və vətənpərvərlik” mövzusunda “dəyirmi masa” keçirilib

 

quba tedbirBakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Quba rayonundakı 2 nömrəli liseydə “Multikulturalizm və vətənpərvərlik” mövzusunda növbəti “dəyirmi masa” keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin təhsil şöbəsinin müdiri, rayon ictimaiyyətinin nümayəndələri, liseyin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Layihə rəhbəri Rəvan Həsənov çıxışında Azərbaycan multikulturalizminin siyasi-hüquqi, elmi-fəlsəfi və ədəbi-bədii qaynaqları haqqında məlumat verərək 2016-cı ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm ili” elan olunduğunu xatırladıb. O deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan multikulturalizm modeli artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasəti müstəvisinə qaldırılıb və dünyaya ixrac olunmaqdadır. Bildirib ki, Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə “Azərbaycan multikulturalizmi” fənni artıq dünyanın 11 nüfuzlu ali təhsil ocağında tədris olunur. Həmin fənni dinləyən xarici gənclərlə regionlarımızdakı gənclər arasında dostluq əlaqələrinin yaranması məqsədilə ölkəmizin müxtəlif bölgələrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən mütəmadi olaraq yay və qış məktəbləri keçirilir.

Rayon təhsil şöbəsinin müdir müavini Pərviz Nurməmmədov Qubanın etnik tərkib baxımından Azərbaycanın zəngin bölgələrindən biri olduğunu vurğulayıb, bu cür tədbirlərin gənclərin və rayon ictimaiyyətinin maariflənməsi üçün böyük önəm kəsb etdiyini söyləyib.

Liseyin direktoru Eynulla Camalov gəncləri radikal dini qruplardan qorumaq məqsədilə bu formatlı görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırıb və “dəyirmi masa”nın təşkilinə görə rayon ictimaiyyəti adından ölkə rəhbərliyinə, Prezident yanında Gənclər Fonduna və BBMM-ə minnətdarlığını bildirib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Запись Qubada “Multikulturalizm və vətənpərvərlik” mövzusunda “dəyirmi masa” keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.