Kanadalı qonaqlar Multikulturalizm Mərkəzində olub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan Kanada nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə BBMM-in icraçı direktoru Rəvan Həsənov, Milli Etnik Mətbuat və Media Şurasının İdarə heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner, Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmail Vataner, eləcə də Kanadada fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova və Multikulturalizm Mərkəzinin əməkdaşları iştirak ediblər.
Qonaqları salamlayan R.Həsənov əvvəlcə Azərbaycandakı multikultural və tolerant mühit, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlət başçısı İlham Əlyevin uğurla həyata keçirdiyi multikulturalizm siyasəti, eləcə də Azərbaycanın multikulturalizm modeli haqda geniş məlumat verib. Daha sonra R.Həsənov qonaqları BBMM-in fəaliyyəti ilə ətrafı tanış edib. O, Azərbaycan multikulturalizminin xarici ölkələrin nüfuzlu ali məktəblərində tədrisi, habelə Yay və Qış Beynəlxalq Multikulturalizm Məktəbləri haqda qonaqları maraqlandıran sualları da cavablandırıb. Söhbət zamanı BBMM-in icraçı direktoru Rəvan Həsənov 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatmasında ölkəmizdə müxtəlif milli etnik qruplarının birlik və həmrəyliyin rolunun mühüm rolunun olmasını xüsusi qeyd edib.
Görüş üçün minnətdarlıqlarını bildirən qonaqlar müasir dünyada multikulturalizmin rolu və əhəmiyyətindən danışaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin mühüm olduğunu vurğulayıblar. Bu sahədə BBMM-in fəaliyyəti xüsusi olaraq qeyd edilib. Görüş iştirakçıları işğaldan azad olunan ərazilərə səfərlərinin təssüratlarını da bölüşüblər. Görüşdə ermənilərin Azərbaycan əzəli torpaqlarında törətdiyi vandalizm aktları, eləcə də müharibədən sonrakı dövrdə ölkəmizin bu ərazilərdə aparılan bərpa-quruculuq işləri müzakirə olunub. Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq məsələləri mövzusunda danışıqlar aparılıb.
Görüşün sonunda qonaqlara BBMM-in ingilis dilində nəşr etdiyi kitablar hədiyyə edilib.