Beynəlxalq Multikulturalizm qış məktəbi maraqlı tədbirlərlə davam edir

 

Foto Qış məktəbi 3 gün

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə gerçəkləşən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 10-da AMEA-nın Milli Azərbaycan Muzeyində işini davam etdirib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qış məktəbinin iştirakçıları ilə görüşüb. Akademik dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərindən gələn tələbələrin Muzeydə qonaq olduqlarından sevindiyini dilə gətirib: “ Mən çox şadam ki, dünyanın bir çox ölkələrinin gəncləri Beynəlxalq Multikulturalizm qış məktəbi vasitəsilə indiyə qədər nəzəri olaraq öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani tanış olmaq imkanı əldə ediblər. Biz siz gənclərə çox güvənirik, gələcək gənclərindi. Azərbaycanda qonaq olduğunuz müddətdə ölkəmizi sevəcəyinizə ümid edirəm. İnanıram ki, bu qarşılıqlı sevgi bizi bir-birimizə daha da yaxınlaşdıracaq, əbədi dostluqlara körpü atacaq”.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin böyük məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyeva və AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədov tələbələrə “Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi” mövzusunda mühazirə oxuyub. Mühazirədə vurğulanıb ki, Azərbaycan ərazisində hələ çox qədim zamanlardan normal multikultural mühit, tolerantlıq ənənələri, çoxdinlilik mövcud olub: “Qafqaz Albaniyasında xristianlıq I-II əsrlərdə, apostol Faddeyin şagirdi Yeliseyin moizələri ilə, yayılmağa başlayıb və Kişdə Qafqazın ilk xristian kilsəsi məhz Yelisey tərəfindən salınıb. Bu həqiqətləri erməni-qriqorian kilsəsinin katolikosu Avraam VII əsrin əvvəllərində yazdığı məktubunda göstərib ki, Alban kilsəsi erməni kilsəsindən daha qədimdir. Bu məktub Moisey Kalankatlının “Albaniya tarixi” abidəsində, X əsr erməni mənbəyi – Uxtanesin əsərində verilib. Bu həqiqəti 704-cü il Bərdə (Partav) məclisi də təsdiq edib. Apostollar tərəfindən əsası qoyulan Alban Apostol kilsəsi Qafqazın ən qədim kilsəsi olub, apostol qanunları ilə fəaliyyət göstərib, V əsrdən etibarən xristian dünyasında gedən kilsə mübahisələri onu diofizit və monofizit mənsəblərinə öz mövqeyini bildirməyə çağırıb. Bu mübahisələrə bölgədə cərəyan edən sosial-siyasi proseslər də öz təsirini göstərib və Ərəb xilafətinin yürüşləri dövründə, 687-ci ildə, Alban Apostol kilsəsi monofizitliyi qəbul edib. Lakin VII əsrin sonlarında katolikos Yeliazarı əvəz edən Nerses Bakur 701-ci ildən etibarən Alban Apostol kilsəsini diofizitliyə yönəldib və hadisələrdən xəbər tutan erməni-qriqorian kilsəsinin katolikosu İlya Alban Apostol kilsəsinə zərbə endirmək məqsədi ilə məsələni Ərəb xilafətinə çatdıraraq xəlifə Əbdül-əl-Malik 704-cü ildə verdiyi fərmanla Alban Apostol kilsəsinin avtokefallığını dayandırıb. Nerses Bakurun kitabxanası yandırılıb, dini kitabələri Tərtər çayına atılıb, alban əlifbası qrabarla əvəz olunub. Bu dövrdən etibarən Albaniya tarixi ilə bağlı yazılı abidələr qrabarda yazıldığından, sonralar erməni saxtalaşdırıcıları, Çamçyan məktəbini əsas götürərək, Kürün sağsahil ərazilərinə əsassız iddialarla çıxış etməyə başlayırlar. Öz tarixinin ağır dövrünü yaşayan Alban Apostol kilsəsi öz mübarizəsini davam etdirir. IX əsrin əvvəllərindən etibarən Alban Apostol kilsəsi yay iqamətgahı – Berdakura köçərək, erməni-qriqorian kilsəsinə tabe olmaq istəmir, IX əsrin sonlarında katolikos Samuel vəzifəsini erməni-qriqorian kilsəsinin katolikosu Gevorqla razılaşdırmadan kilsəni idarə edir. Mübarizəni davam etdirən Alban Apostol kilsəsi XII əsrin ortalarına qədər “mağara” dövrünü yaşayaraq, XII əsrdə Arsax-Xaçin knyazlığının yüksəlişi ilə yenidən avtokefallığını bərpa edir, XIII əsrin 30-cu illərində inşası başa çatan Qanzasar monastırıın iqamətgahına çevrilir və Qriqori Hamam nəslindən olan Həsən Cəlal xətti 1836-cı il Fərmanına qədər kilsəni idarə edir. Alban Apostol kilsəsinin keçdiyi təkamül yolu Azərbaycan multikulturalizminin köklərində dayanaraq, onun çoxlaylı təbəqələrindən birini təşkil edib”.
Günün ikinci yarısında tələbələr Qafqaz Müsəlmanları İdarəsində (QMİ) QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşüblər. Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında bildirib ki, Azərbaycanda müstəqillik dövründə tolerantlıq, dinlərarası dialoq, multikulturalizm özünü çox yüksək şəkildə göstərib: " Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar, eləcə də həm sünni, həm də şiələr sərbəst şəkildə yaşayır. Azərbaycanda bütün dinlərin nümayəndələri bir yerdədir. Sizin indi gördüyünüz bu mənzərə yalnız görünüş üçün deyil, bu, həmişə belə olub. Dövlət dinindən asılı olmayaraq, bütün icmalara yardım göstərir. Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasətə uyğun olaraq, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də bütün dini icmalara çox gözəl münasibət göstərir”.
Sonra tələbələr Balaş Maqsudbəylinin bələdçiliyi ilə qış məktəbinin “İçərişəhərin sirləri” adlı layihəsi çərçivəsində Qoşa Qala qapısı, Şirvanşahlar sarayı, Miniatür Kitab Muzeyi və Qız Qalasında olublar.
Gəzintidən sonra tələbələr Beynəlxalq Muğam Mərkəzində Bilik Fondunun verdiyi ziyafətə qatılıblar, Bakı Əyləncə Mərkəzində boulinq yarışı keçiriblər.

Запись Beynəlxalq Multikulturalizm qış məktəbi maraqlı tədbirlərlə davam edir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.