Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fevralın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.
Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qış məktəbinin iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir. Fevralın 26-dək davam edəcək Qış məktəbi Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında da fəaliyyət göstərəcək.