Multikulturalizm Mərkəzi qış məktəbi keçirir
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayır
Fevralın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinə start verilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir.
Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
2018-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 15-dən 23-dək Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərəcək.
Qeyd edək ki, beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Gürcüstan, Çex Respublikası, Almaniya, Serbiya, Hindistan, Bosniya və Hersoqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikstan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Principi Demokratik Respublikası, Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbənin iştirak edəcəyi gözlənilir.
Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.
Qış məktəbi müddətində iştirakçıların BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi”- nin sədri Tural Gəncəliyev və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşü planlaşdırılır.
Tələbələrin Şəhidlər xiyabanı və Fəxri xiyabana, Qobustana, Atəşgaha, İçərişəhərə, “Şahdağ qış-yay turizm kompleksi”nə, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinə, Quba Soyqırımı Memorial Kompleksi səfərləri və Qubada dağ yəhudilərinin kompakt yaşadığı “Qırmızı Qəsəbə”də, Qusar rayonunun Laza kəndində yerli əhali ilə görüşləri, məscid, kilsə və sinaqoqları ziyarəti də nəzərdə tutulub.
Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti