Millət vəkili Hindistanın Şri Şri Universitetində vebinar aparıb
“Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Şri Şri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşmaya əsasən, Azərbaycan multikulturalizminin tədrisi uğurla davam etdirilir. Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin, həmçinin Azərbaycan-Hindistan parlamentlərarası işçi qrupunun üzvü Şahin Seyidzadə universitetin İdarəetmə fakültəsinin tələbələrinə vebinar keçib. Millət vəkili görüş iştirakçılarına Azərbaycan Respublikasının ali təhsil sisteminin transformasiyası haqda ətraflı məlumat verib. Vebinarda Şri Şri Universitetinin prezidenti, professor Rajita Kulkarni, eləcə də, rektor, professor Ajay Kumar Singh, İdarəetmə fakültəsinin müəllimi Kauşal Borisagar, “Azərbaycan Mültikulturalizmi” fənninin müəllimi Kənan Məmmədov və universitetin tələbələri iştirak ediblər. Vebinarda çıxış edən universitetin prezidenti, professor Rajita Kulkarni və rektoru, professor Ajay Kumar Singh cıxış zamanı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Şri Şri Universitetinin əməkdaşlığının vacibliyini xüsusi olaraq vurğulayıblar. Vebinarın sonunda məruzəçiyə suallar ünvanlanıb. Xatırladaq ki, universitet dünya söhrətli Humanitar lider və sülhməramlı səfir Gurudev Şri Şri Ravi Şankarın adını daşıyır.