Ali məktəblərdə multikulturalizm fənninin monitorinqi aparılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən aprel ayının 4-dən 18-dək müddətdə Azərbaycanda ali məktəblərin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” fənninin monitorinqi aparılıb. Monitorinqlərdə tələbələrin bilik və bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi ilə yanaşı, eyni zamanda, onların bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədi ilə sorğu da aparılıb.

Müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacib hesab edilir. Bu işdə isə qiymətləndirmə mühüm pedaqoji vasitə kimi qəbul edilir. Qiymətləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə,  tələbələrin nələri mənimsədiklərini, öyrəndiklərini, hansı bacarıqlara malik olduqlarını və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirmək üçün obyektiv şərait yaradır.

Qeyd edək ki, Mərkəzin Tədris şöbəsinin təkilatçılığı ilə həyata keçirilən monitorinqlərin ilkin mərhələsində bu fəaliyyət Azərbaycan Tibb Universiteti, Azərbaycan  Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti,  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həyata keçirilib. Monitorinqlərin həyata keçirilməsində BBMM-in əməkdaşları İrina Kunina, Rəşad İlyasov, Şəmşad Əlizadə, Tahirə Məmmədzadə, Sevda Xəlilova, Orxan Məmmədov, Elnur Qasımov, Günel Rüstəmova iştirak ediblər.

Xatırladaq ki, “Multikulturalizmə giriş” fənni tədrisinin monitoriqləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 2015-ci ildən mütəmadi olaraq həyata keçirilir.

Etiketlər