Aytən Qəhrəman: “ Azərbaycan multikulturalizmi fenomeninin dəyərlərini beynəlxalq gənc nəslə çatdırmaq lazımdır”

 

 

img 9865Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri, professor Aytən Qəhrəman sözügedən qurumun mətbuat xidmətinə Mərkəzin indiyədək həyata keçirdiyi layihələr, gələcəkdə görüləcək işlər, eləcə də bu günlərdə YUNESKO-da keçirdiyi görüşləri  ilə bağlı müsahibə verib.

Mərkəzin müşaviri BBMM-in həm ölkədə, həm də onun hüdudlarından kənarda “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsindən söz açıb, qurumun yaxın gələcəkdə görəcəyi işlərdən danışıb: “ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə böyük diqqət yetirir, hazırda 38  yerli və dünyanın tanınmış 15 universitetində Azərbaycanın multikultural dəyərləri təbliğ və təşviq edilir. 2017-ci ildə Mərkəz Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində Fransa və İtaliyanın daha 3 universiteti ilə saziş imzalamağı nəzərdə tutur.

Mərkəzin böyük diqqət yetirdiyi nəşrləri də qeyd etmək vacibdir. Bu sıraya qədim “Kitabi -Dədə Qorqud” dastanının “Basat boyu”nu nəfis kitabçalar şəklində Azərbaycanda yaşayan etnik qrupların, eləcə də dünyanın 25 dilinə tərcüməsini,  “Multikulturalizm” jurnalı və “Multikulturalizmin qaynaqları” seriyasından olan nəşrlər aiddir.  Sonuncunun “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı birinci cildi artıq rus və Azərbaycan dillərində nəşr edilib. Nəşrin ingilisdilli versiyası da artıq hazırdır və  çap prosesindədir”.

Aparat rəhbəri həmçinin bu yaxınlarda Fransanın Müluz şəhərinin Yuxarı Elzas Universitetinin Nizami Gəncəvi adına kafedrasında keçirilən "Qafqazın timsalında multikulturalizm və mədəniyyətlərarası münasibətlər" adlı Beynəlxalq Ədəbiyyat Kollokviumunda adıçəkilən nəşrlərin təqdimatları ilə çıxış etdiyini qeyd edib: “Tədbirin sonunda adını çəkdiyim nəşrlər kafedranın kitabxanasına hədiyyə olunub.  Auditoriya əsasən minillik tarixə malik klassik ədəbiyyatımızın multikultural dəyərlərin daşıyıcıları olmaqla yanaşı, həm də bu ali ideyaların ötürücüləri, yəni bu ümumbəşəri dəyərləri öz dünyaya baxış prizmasından keçirən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Abdulla Şaiq kimi görkəmli nümayəndələrinin  əsərlərindən parçaların yer aldığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” nəşrə böyük maraq göstərib.  Tədbirdə iştirak edən, uzun illər dahi Nizami irsini araşdıran və XII əsr Azərbaycan şairinin yaradıcılığının eksperti olan Prinston Universitetinin professoru Maykl Barri Nizami yaradıcılığının tolerantlıq və multikulturalizm kimi dəyərlər prizmasından öyrənilməsi ideyasının vacibliyini və qeyri-adiliyini qeyd edib”.

 

Aytən Qəhrəman deyib ki, hazırda Mərkəz tərəfindən YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun dəstəyi ilə kurrikulumun tərtib edilməsi prosesinə tolerantlıq üzrə dərsliyin qoşulması məsələsinə baxılır: “ Xatırladım ki, bu yaxınlarda YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun baş direktoru xanım Mantsetsa Marope ilə görüşümüz olub. Görüş zamanı Mərkəzin və Büronun gənc nəslin maarifləndirilməsi sahəsində birgə görüləcək işlərinə dair müvafiq sənədlərin imzalanması üzrə tərəflərin razılaşması əldə olunub. Hesab edirəm ki, Azərbaycan multikulturalizmi və tolerantlığı fenomeninin özündə daşıdığı dəyərləri beynəlxalq gənc nəslə çatdırmaq lazımdır”.

Aytən Qəhrəman bugünlərdə  YUNESKO-nun Parisdə yerləşən mənzil-qərargahında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin texniki dəstəyi ilə  “Multikulturalizmin əhəmiyyəti və Azərbaycanın uğurlu modeli” mövzusunda keçirilən və xüsusi təqdimatla çıxış etdiyi konfransla bağlı fikirlərini bölüşüb: “Konfransda  YUNESKO-nun sosial və humanitar elmlər şöbəsinin rəhbəri Ann-Belinda Preis başda olmaqla  sözügedən qurumun katibliyinin məsul əməkdaşları, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, xarici diplomatik heyətlərin YUNESKO yanında akkreditə olunmuş başçıları, diplomatik korpusun üzvləri, Fransa ictimaiyyətinin nümayəndələri iştirak edib.

Azərbaycanda 2016-cı ilin “Multikulturalizmin İli” elan edilməsi ilə bağlı buna uyğun olaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il üçün 49 bənddən ibarət “Tədbirlər Planı” imzalanıb. “YUNESKO-da baş tutmuş bu Tədbir 2016-cı il üçün nəzərdə tutulan tədbirlər planının “Mədəni müxtəliflik, tolerantlıq, münaqişələrin həllində mədəniyyətlərarası dialoqun rolu, Azərbaycanın multikulturalizm modeli və dünyadakı multikulturalizm modelləri mövzularında respublika və beynəlxalq miqyaslı elmi-nəzəri və elmi-praktik konfransların, seminarların, dəyirmi masaların, mühazirələrin və ədəbi-bədii məclislər təşkili və keçirilməsi” məzmunlu 10-cu bəndinə uyğun olaraq  keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialının rəhbəri, siyasi ekspert Arye Qut da konfransda çıxış edərək Azərbaycanın tarixi həqiqətləri barədə ətraflı məlumatlara malik bir şəxs kimi ölkəmizdə yaşayan yəhudi icmasının həyatı timsalında sənədlərə əsaslanan ətraflı təqdimatla Avropa auditoriyasına müsəlmanların, yəhudilərin və xristianların birgə yaşamasına dair dünyanın diqqətinə çatdırılmalı olan nadir təcrübə barədə danışıb. Çıxışda sülhün, əmin-amanlığın və cəmiyyətimizin ahəngdar inkişafının rəhni olan, millətlərarası və dinlərarası münasibətlərin effektiv şəkildə tənzimlənməsini təmin edən, dostluq və mehriban qonşuluq şəraitində yaşamaq imkanı verən Azərbaycanın multikulturalizm fenomeninin xüsusi əhəmiyyəti vurğulanıb. Arye Qut qeyd edib ki, multikultural münasibətlərin unikal modelini təqdim edən Azərbaycan oxşar mədəni, etnik və dini müxtəlifliyin rast gəlindiyi ölkələr üçün nümunə ola bilər. Azərbaycanın müsbət təcrübəsi həm də zamanın inkişaf edən şərtlərinə uyğunluq belə geniş diqqət cəlb edir. Azərbaycan tolerantlıq və mədəni-tarixi müxtəliflik ənənələrinə həmişə sadiq olub. Bu da öz növbəsində ölkənin əsrlər boyu bu ərazilərdə yaşayan tərkibinin etno-mədəni və etno-dini inkişafında öz əksini tapıb. Mərkəzin İsrail filialının rəhbəri həmçinin son iki il ərzində qurum tərəfindən bu münasibətlərə yeni təkan verən tədbirlərin həyata keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Hesab edirəm ki, mədəni və humanitar sahələrdə düşünülərək atılmış addımlar etibarlı münasibətlər platformasının möhkəmlənməsinə üzvi surətdə kömək edir, mənəvi yaxınlıq amili isə qarşılıqlı cazibə üçün əlverişli imkanlar açır. 2016-cı ilin “Multikulturalizm İli” elan edilməsi qərarı bir daha cəmiyyətimizdə mövcudluğunu qoruyan, etibar və qarşılıqlı hörmət kimi mühüm mənəvi-etik dayaqlar üzərində qurulmuş multikultural münasibətlərin mahiyyətini nümayiş etdirdi. Həmçinin Mərkəzin filial sədri Arye Qutun Azərbaycan və yəhudi xalqlarının nadir birgə yaşama təcrübəsi və Azərbaycan multikulturalizminin tərkib hissələrindən biri olan köhnə dostluğu timsalında  ölkəmizin həqiqətlərini parlaq şəkildə əks etdirən çıxışı da buna parlaq nümunə oldu.

Azərbaycan tolerantlıq və mədəni-tarixi müxtəliflik ənənələrinə hər zaman sadiq olub və bu yalnız ölkədə dominantlıq təşkil edən millətinin deyil, həm də əsrlər boyu qədim ölkənin ərazisində yaşamış bütün milli və dini qrupların ruhunu əks etdirir”.

Aytən Qəhrəman konfransın auditoriya tərəfindən böyük maraqla qarşılandığını bildirib: “ Konfrans böyük coşqunluqla keçdi, auditoriya maraqla qulaq asırdı və bu da müzakirələr bölməsində fəallığa təkan verdi. Konkret olaraq Zərdüştilər və köhnə təriqətçilərin nümunəsində ölkənin dini tərkibi ilə bağlı, eləcə də şəhərin “qotik”, “klassik”, “modern” və ən nəhayət “müsəlman” üslublarını özündə birləşdirən qeyri-adi memarlığı ilə bağlı maraqlı suallar səsləndirildi, bundan sonra auditoriya müxtəlif dinlərin və ya cərəyanların nümayəndələrini hansı bayram və tədbirlərin birləşdirməsi ilə maraqlandı. Birlikdə qeyd edilən bayram nümunəsi kimi Azərbaycanda yaşayan xristian və müsəlman dinlərinin nümayəndələrinin Gürmük bayramı, daha sonra cümə günlərində məscidlərdə sünni və şiələrin birgə  vəhdət namazı, Respublika Prezidentinin Pasxa, Hanuka, Roş Haşana, Qurban, Ramazan, Milad və digər bayramları qeyd edən icmaları təbrik etməsi, dini bayramlarda bütün dini konfessiya nümayəndələrinin birgə iştirakı ilə bağlı fikirlər dilə gətirildi, sülhpərvər sənətçi, xanım Hedva Ser də həmçinin Azərbaycanda  hökm sürən mənəvi gözəllik, qonaqpərvərlik, azadlıq ruhuna toxunaraq öz maraqlı təəssüratlarını bölüşdü və Bakıda Beynəlxalq Forumların tez-tez qonağı olmasından dərin məmnunluğunu ifadə etdi. Hedva Ser Azərbaycanla əyani şəkildə tanış olmayan hər kəsə mütləq ölkəni ziyarət etməyi məsləhət gördü”.

BBMM-in müşaviri həyata keçirilən belə tədbirlərin effektivliyini yüksək qiymətləndirib: “Mərkəzimizin həm Azərbaycan multikulturalizmi fenomeninin elmi təməlinin işlənməsi sahəsində, həm də onun yayılması və tədrisi sahəsində həyata keçirdiyi işi barədə danışmağı və onu bölüşməyi çox vacib hesab edirəm. Həmçinin Mərkəz tərəfindən mütəmadi olaraq aparılan real və virtual dəyirmi masaların, konfransların, müxtəlif mövzular və istiqamətlər üzrə kollokviumların materialları və həm ölkədə, həm də xaricdə alimləri, elmi və mədəni elitanın nümayəndələrini narahat edən qloballaşmanın çağırışları  yerli və beynəlxalq ictimaiyyətin geniş dairələrinin diqqət mərkəzində  olmalıdır. Bu tipli tədbirlər tanışlıq xarakteri daşıyır, eləcə də dünya miqyaslı ekspertlərin və alimlərin Mərkəzin işinə cəlb edilməsi üçün maksimum imkan yaradır, həmçinin insanları Azərbaycan multikulturalizmi modelini daha dərindən öyrənməyə və ölkəni ziyarət etməyə, eşitdikləri və öz gözləri ilə gördüklərinin obyektiv müqayisəsini aparmağa cəlb edir”.

 

 

Запись Aytən Qəhrəman: “ Azərbaycan multikulturalizmi fenomeninin dəyərlərini beynəlxalq gənc nəslə çatdırmaq lazımdır” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.