Etibar Nəcəfov: “Azərbaycanda mükəmməl dövlət-din münasibətləri mövcuddur”

 

İyunun 25-də Cenevrədə BMT-nin qərargahında İordaniya Haşimilər Krallığının Şahzadəsi Əl-Həsən bin Təlalın himayədarlığı ilə “Dinlər, məsləklər və/və ya digər dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqlarının möhkəmləndirilməsi üçün güclərin birləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan xalqlar arasında birgəyaşayışın və əməkdaşlığın təbliğ olunmasına, inklüziv cəmiyyət ideyasının təşviq və təbliğinə həsr olunan konfransda bir sıra ölkələrin yüksək rütbəli dövlət xadimləri, alimlər, dinlərarası və mədəniyyətlərarası dialoqu təbliğ edən beynəlxalq mərkəzlərin rəhbərləri, müsəlman, xristian, yəhudi və digər dini icmaların rəhbərləri, eləcə də etnik və dini məsələlər üzrə beynəlxalq təşkilatların xüsusi məruzəçiləri iştirak edirdilər.

Konfransda ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib. O, “Bərabər vətəndaşlıq hüquqları: yeni paradiqmaya tərəf irəliləyərək” adlı sessiyada “Bərabər və inklüziv vətəndaşlıq hüquqlarının Azərbaycan modeli” mövzusunda çıxış edib.

Etibar Nəcəfov çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan multikulturalizm siyasətinin mühüm təzahürlərindən bəhs edib və ölkəmizdə bunun bariz nümunəsi sayılan dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından söhbət açıb. O, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəriciləri sırasında ölkəmizdə dini etiqad azadlığının təmin edilməsini, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasını, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin, o cümlədən maliyyə dəstəyinin göstərilməsini, həmçinin Azərbaycanda dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurulmasını xüsusi qeyd edib.

Konfransın sonunda iştirakçılar tərəfindən “Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi məqsədilə dünya miqyasında daha böyük mənəvi konvergensiyaya tərəf irəliləyərək” adlı yekun Bəyannamə qəbul edilib.

Azərbaycan tərəfinin təşəbbüsü ilə Bəyannamədə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsasını qoyduğu, dünyada mədəniyyətlərarası dialoqun təbliğ və təşviq olunmasına yönələn “Bakı Prosesi”nə dair məlumat da əksini tapıb.

Запись Etibar Nəcəfov: “Azərbaycanda mükəmməl dövlət-din münasibətləri mövcuddur” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.