Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Televiziyası ilə birgə yeni layihəyə start verib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Televiziyası ilə birgə yeni layihəyə start verib. Oktyabr ayından etibarən Azərbaycan Televiziyasının efirində “Multikulturalizm” adlı yeni televiziya verilişi yayımlanmağa başlayıb. Ötən gün ilk buraxılışı yayımlanan verilişin qonaqları Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov olub. Verilişdə multikulturalizmin tarixi və mahiyyəti, Azərbaycan multikulturalizm modeli haqda fikir mübadiləsi aparılıb, Azərbaycanın multikultural dəyərlərinin, tolerantlıq ənənələrinin təbliği və təşviqi ilə əlaqədar bu günə qədər görülən və gələcəkdə görüləcək işlərin əhəmiyyətindən söz açılıb. Qeyd edək ki, yeni telelayihənin məsləhətçisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, müəllif və aparıcısı isə BBMM-in əməkdaşı, tanınmış telejurnalist Billurə Aslanqızıdır.